Ermənistan mətbuatı yazır ki, bu ayın sonunadək Zəngəzur dəhlizi ilə bağlı qərar, marşrut və şərtlər elan olunacaq. İddialara görə, Paşinyan ayın sonunda bunu cəmiyyətə elan edəcək və ictimai rəyi bu qərara hazırlayacaq.
AzerTimes xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib.
“Başqa bir iddiaya görə Türkiyə və Rusiya son görüşmələrdə Zəngəzur dəhlizi ilə bağlı ümumi razılığa gəliblər – xarici siyasətlə bağlı digər məsələlərdə olduğu kimi, dəhliz məsələsində də Azərbaycan-Türkiyə tandemi, addımların sinxron olması qürurvericidir.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Brüsseldə Azərbaycan-Ermənistan rəsmilərinin son görüşü də imzalanacaq sənədlərə son düzəlişlərlə bağlı idi.
Dünya fraqmentallaşır, qloballaşma projesi yerində sayır, fraqmental dünyada bölgə gücləri yaranır, bu anlamda qardaş Türkiyə fraqmental dünyanın bir neçə güc mərkəzindən birinə çevrilir/çevrilə bilər. Azərbaycanla sinxronlaşmış addımlar isə bu işi gücləndirən amildir. Fraqmental dünyada yeni logistik xəttlər həyati əhəmiyyət daşıyır, Ermənistandan, həm də o yola paralel olaraq (cəmi 5 km məsafə ilə) İrandan keçəcək 2 alternativ Zəngəzur dəhlizi bölgəmizi coğrafi/siyasi/iqtisadi anlamda böyüdür. Xeyirli-uğurlu olsun!” – o bildirib.