Ermənistan Baş naziri Nikol Paşinyanın qeyri-sabit siyasəti, vaxtaşırı olaraq fikir dəyişdirməsi və təzadlı siyasi xətt tutması Ermənistanda daim müzakirə mövzusudur.
AzerTimes xəbər verir ki, “Hraparak” nəşri Paşinyanın ziddiyyətli açıqlamaları və bir-birini təkzib edən fikirlərini qarşılaşdırıb.
Bildirilib ki, Paşinyan sanki hakimiyyətə gələndən sonra cidd-cəhdlə müharibəyə can atıb. Buna misal olaraq 2020-ci ilin iyul hadisələri göstərilib. Nəşr dolayısı ilə 2020-ci il Tovuz hücumunu Ermənistan hakimiyyətinin törətdiyi təxribat olduğunu da təsdiqləyib.
N.Paşinyan məhz “uğurlu iyul hücumundan” sonra – 2020-ci ilin avqustunda Yerablurda Ermənistan ordusunu “regionun ən güclü ordusu” olaraq qiymətləndirib.
Nərin iddiasına görə, sülhdən danışan, sülh yolları təklif edən Nikol Paşinyan Azərbaycanla müharibəyə nail olmaqla, “Qarabağdan qurtulmaq” istəyirdi:
“Paşinyanın bu planı ən azı 2019-cu ilin payızında mövcud idi: o, müharibəyə nail olaraq, Qarabağdan canını qurtarmaq istəyirdi. Buna sübut kimi milliyətcə yəhudi olan bloger Lapşinin həmin vaxt jurnalist Nairi Hoxikyana verdiyi məlumatı göstərmək olar.
Onun 44 günlük müharibədən 10 gün əvvəl Feysbukda yazdığı geniş yazının başlığını yada salaq: “Səhv etmək əzmi doğru yoldur”.
Məqalədə bildirilib ki, 2008-2009-cu illərdə N.Paşinyan Qarabağın Ermənistan üçün ağır yük olduğunu və bundan qurtulması gərəkdiyini bildirmişdi, 2019-cu ildə isə “Qarabağ Ermənistandır və nöqtə” demişdi.
Müəllif hesab edib ki, bu, şəxsiyyətin ikiləşməsidir və ruhi xəstəlik sayılır.