Paşayevanın 48 ilə sığdırdığı qərinələr – Tərcümeyi-hal

Paşayevanın 48 ilə sığdırdığı qərinələr – Tərcümeyi-hal

Xəbər verdiyimiz kimi, bu gün millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxanada 48 yaşında vəfat edib.

AzerTimes millət vəkilinin tərcümeyi-halını təqdim edir:

Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub.

Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

1998-ci ildən ANS-in “Xəbərlər xidməti”ndə bir sıra vəzifələrdə çalışdıqdan sonra redaksiyanın baş redaktor müavini olub.

2005-ci ildən isə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışıb. Eyni ildə Milli Məclisə üzv seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-Gürcüstan, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olub.

III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub.

Qənirə Paşayeva 2012-ci ildə iki həftə uşaq həkimi qismində Somalidə fəaliyyət göstərmiş, sakinlərə yardım etmişdi.

Millət vəkili fəaliyyəti dövründə Azərbaycanın AŞPA və AVRONEST-dəki nümayəndə heyətinin üzvü kimi ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılmasında böyük xidmətləri olub.

“Nobel mükafatlı qadınlar”, “Tarixə adını yazan qadınlar”, “Xocalı soyqırımı (26 fevral 1992): şahidlərin dilindən”, “Qarabağ hekayələri” və s. kitabların və yüzlərlə məqalənin müəllifidir.

Subay idi. Firuzə adlı mənəvi qızı var idi.

Teqlər: