“Tərtər işi”ndə təqsirli olanlar nəinki bəraət alan şəxslərin ailəsindən, həm də biz deputatların və hər kəsin önündə üzr istəmədilər. Çünki biz onları müdafiə edəndə bizi də günahlandırırdılar ki, siz casusları müdafiə edirsiniz. Biz casusları yox, haqları müdafiə edirdik.
AzerTimes xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında Mədəniyyə Komitəsinin sədri Qənirə Paşayeva “Tərtər işi” mövzusunda çıxışı edərkən həmkarı Zahid Oruca dəstək olaraq bildirib.
Deputat qeyd edib ki, bəraət alan şəxslərin ailələri göz yaşı tökərək yaxınlarının, doğmalarının casusluq adı ilə damğalanmasına etiraz edirdilər:
“Aidiyyəti üzrə müraciət edəndə bizi günahlandırırdılar. Deyirdilər ki, siz casusları müdafiə edirsiniz. Mən bildirdim ki, 18 yaşında fəal ictimai-siyasi həyata qatılmışam, mən casusları müdafiə edə bilmərəm. Deyirdik və tələb edirdik ki, işə yenidən baxılsın, ədalətli baxılsın”.
Deputat bildirib ki, təqsirkarlar bəraət alanların valideynlərindən, uşaqlarından televiziya önündə üzr istəməlidirlər:
“Çünki bəzi azərbaycanlılar bu işdən xəbərsizdir. Qoy hamı onların kimliyini bilsin. İşgəncə əmrini verənləri cəmiyyət görmək istəyir ki, onlar hansı ağır cəzanı alıb”.
Deputat bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevə xalqın inamı hər zaman qalib gəlir.