Paşayeva Ziyadxan Əliyevlə görüşdü

Paşayeva Ziyadxan Əliyevlə görüşdü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva görkəmli sənətşünas alim, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevlə görüşüb.

AzerTimes xəbər verir ki, Mədəniyyət Komitəsində baş tutan görüşdə görkəmli sənətşünasın yeni yaradıcılıq uğurları, planları və qayğıları öyrənilib.

Z.Əliyev 3 ildən artıq müddət üzərində işlədiyi “İstedadlar ocağı” kitabını Q.Paşayevaya təqdim edib. Komitə sədri bu əsərin ensiklopedik siqlətinə vurğu edib, alimi bu fundamental əsərinin gün üzü görməsi münasibəti ilə təbrik edib, ona yeni uğurlar diləyib.

Komitə sədri bu əsərin həm adıkeçən məktəbin əlamətdar yubileyinə, həm “Heydər Əliyev İli”nə gözəl töhfə olduğunu deyib.

O, Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinin şöhrətinə layiq tərtib olunmuş kitabın Beynəlxalq Muğam Mərkəzində təqdimatının keçirilməsini təklif edib.

Qeyd edək ki, Z.Əliyevin yeni kitabının önsöz müəllifi Q.Paşayeva, redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.

“İstedadlar ocağı” kitabı – Əzizm Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəssamlıq Kolleci) ensiklopediyası müəllifin özünün də məzunu olduğu Rəssamlıq Məktəbinin 100 illik yubileyinə həsr olunub.

Nəfis tərtib olunmuş 560 səhifəlik kitabda təhsil müəssisəsinin (1920-ci ildən 2020-ci ilə qədər) tarixi, bütün tələbələrin (onlar 6 minə qədərdir) adları, ünlü məzunların fotoşəkilləri, mükafat alan rəssamların siyahısı, məzunların yaratdığı əsərlərin fotoxronikası, fotoşəkilləri və s. təqdim olunub.

Teqlər: