Paşayeva Ziyadxan Əliyevin kitabının təqdimatında

Paşayeva Ziyadxan Əliyevin kitabının təqdimatında

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva əməkdar incəsənət xadimi, tanınmış sənətşünas alim Ziyadxan Əliyevin Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin ensiklopediyası kimi hazırladığı “İstedadlar ocağı” kitabının Beynəlxalq Muğam Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edib.

AzerTimes xəbər verir ki, Q.Paşayeva kitabın müəllifin özünün də məzunu olduğu, zəngin ənənələrə malik Əzim Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin) 100 illiyinə həsr olunmasını bir vəfa və qədirşünaslıq örnəyi adlandırıb.

“Nəfis şəkildə tərtib olunmuş bu sanballı kitabda təhsil müəssisəsinin 1920-ci ildən 2020-ci ilə qədərki tarixi, bütün tələbələrin adları, ünlü məzunların fotoşəkilləri, mükafat alan rəssamların siyahısı, məzunların yaratdığı əsərlərin fotoxronikası, fotoşəkilləri və s. təqdim olunub və bu, müəllifin yalnız məhəbbətini deyil, gərgin əməyini ifadə edir”, – millət vəkili qeyd edib.

Əsərin ensiklopedik siqlətinə vurğu edən Q.Paşayeva alimi bu fundamental əsərin gün üzü görməsi münasibətilə təbrik edib, ona yeni uğurlar diləyib:

“Bu əsər həm adı keçən məktəbin əlamətdar yubileyinə, həm “Heydər Əliyev İli”nə gözəl töhfə oldu. Çox şadıq ki, Ziyadxan Əliyev öz sevgi və vurğunluğunu peşəkarlıq müstəvisində təcalla etdirə bilib”.

Q.Paşayeva kitabın rus və ingilis dillərinə çevrilməsinin də vacibliyinə toxunub.

Sonra kitabın hazırlanmasında əməyi olanlara Milli Məclisin Mədəniyyət Komitəsi adından təşəkkürnamələr təqdim olunub.

Onu da vurğulayaq ki, önsöz yazarı Q.Paşayeva olan kitabın redaktorları sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilov və Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı, dizayneri Aysel Əliyevadır.

Teqlər: