Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyədən gəlmiş jurnalist və mədəniyyət qurumlarının, o cümlədən Türkiyə-Azərbaycan dostluq-qardaşlığının güclənməsinə xidmət edən ictimai birliklərin rəhbər və fəallarından ibarət 52 nəfərlik nümayəndə heyəti ilə görüşüb.
AzerTimes xəbər verir ki, Q.Paşayeva 44 günlük II Qarabağ müharibəsində qazanılmış tarixi Zəfəri əcdadımızın 105 il öncəki Bakı zəfərinin yeni dönəmdə parlaq təkrarı olaraq xarakterizə edib. O, prezidentlərimiz İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın yüksək səmimiyyətlə öz dostluq və qardaşlıqları ilə türk dünyasına, bütün qardaşlara, dostlara örnək olduqlarını deyib, prezidentlərin 2021-ci ildə imzaladığı “Şuşa Bəyannaməsi”nin tarixi önəmindən bəhs edib.
Özü ciddi problemlər yaşayan Osmanlının 1918-ci ildə Nuru Paşanın komandanlığı ilə Qafqaz Türk-İslam Ordusunu Azərbaycana göndərməsini unudulmaz qardaşlıq hadisəsi kimi şərh edən Q.Paşayeva çağdaş Türkiyə və Azərbaycanda həyata keçirilən çoxsaylı layihələri qəhrəmanlıq, qardaşlıq və mədəni irsin gənc nəslə aşılanması, öyrənilməsi və öyrədilməsi baxımından vacib hesab edib. O, fəal ictimai mövqeyi ilə seçilən Türkiyə Jurnalistlər (Qəzetəçilər) Federasiyası başqanı Yılmaz Qaraca, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası başqan vəkili, “Manisa Azərbaycan Kültür Evi”nin başqanı Seyfəddin Ayaqyay və bərabərindəki 50-dən artıq vətəndaş cəmiyyəti fəalının əlamətdar gündə Bakıda olmasını çox anlamlı hadisə adlandırıb.
Türkiyə Jurnalistlər Federasiyası başqanı Yılmaz Qaraca, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası başqan vəkili, “Manisa Azərbaycan Kültür Evi”nin başqanı Seyfəddin Ayaqyay ürək sözlərini bölüşüb, Türkiyədə Q.Paşayeva ilə keçirdikləri səmərəli görüşləri xatırladıb, nümayəndə heyəti adından ona plaket təqdim edib.
Komitə sədri qardaş ölkənin nüfuzlu ictimai qurumları tərəfindən təltif olunduğuna görə, bu təltif haqqında qərar verən ictimai liderlərə təşəkkür edib.
Sonda MM Mədəniyyət Komitəsi, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB, “NERJ Aləmi” şirkəti adından qonaqlara Qarabağ motivli xatirə hədiyyələri bağışlanıb.
Görüşdə əməkdar artist Nuriyyə Hüseynova, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB sədri Arzu Bağırova, “Müharibə Veteranı Qadınlara Sosial Yardım” İB sədri Rada Abbas, “NERJ Aləmi”nin rəhbəri Əliş Hüseynov, MM Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalı və b. iştirak edib.
İstedadlı gənc aşıq Aslan Mehdinin ifaları gecəyə özünəməxsus rəng qatıb.