Paşayeva “Türk dünyasına xidmət” ödülünə layiq görüldü

Paşayeva “Türk dünyasına xidmət” ödülünə layiq görüldü

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin Hatay vilayətindəki Mustafa Kamal Universitetində “Türk dünyasına xidmət” ödülünə layiq görülüb.

AzerTimes xəbər verir ki, ödülü Komitə sədrinə Hatay Böyükşəhər Bələdiyyə başqanı Lütfü Savaş təqdim edib. Böyükşəhər Bələdiyyə başqanının təqdim etdiyi təltif Komitə sədrinin Azərbaycanla Türkiyə mədəni əlaqələri başda olmaqla, türk dünyasında mədəni və təhsil əlaqələrinin gücləndirilməsi işinə töhfələrinə görə verilib.

Təqdimatda çıxış edən Qənirə Paşayeva Hataya daha öncəki səfərlərini xoş xatirələrlə xatırladığını vurğulayaraq, yenidən Hatayda olmaqdan dərin məmnunluğunu bildirib. Türkiyənin vilayətləri, şəhərləri, mədəni irsi haqqında çoxcildlik kitab yazdığını bildirən Qənirə Paşayeva orada Hatay haqqında xüsusi bölmə olduğunu söyləyib.

O, Hatay mədəniyyət işçiləri, sənət xadimləri də daxil olmaqla, qardaş ölkə Türkiyənin aydınlarının Qarabağda, Şərqi Zəngəzurda erməni vandalizminə məruz qalan Azərbaycan mədəni irsinə həssas diqqətini yüksək qiymətləndirib, könül dolusu təşəkkürlərini yetirib.

Komitə sədri Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsinin böyük rəmzi məna daşıdığını vurğulayıb, ürək sözlərini bölüşüb.

Hatay Mustafa Kamal Universitetinə, Böyükşəhər Bələdiyyə başqanı Lütfü Savaşa təltif üçün bir daha təşəkkür edən Q.Paşayeva “Türk dünyasına xidmət” ödülünün onunçün həm böyük şərəf, həm də böyük məsuliyyət olduğunu deyib.

Teqlər: