Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonunda fəaliyyət göstərən mədəniyyət evləri, musiqi məktəbləri, kitabxanalar və muzeylərin rəhbərliyi və kollektivlərin üzvləri ilə görüşüb.
AzerTimes xəbər verir ki, görüşdə Heydər Əliyev adına Mərkəzin, Aşıq Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyinin və Tarix Diyarşünaslıq Muzeyinin, böyük mədəniyyət evləri, musiqi məktəbləri, kütləvi kitabxanaların rəhbərləri, kollektivləri iştirak edib.
Mədəniyyət evləri, musiqi məktəbləri, kitabxanalar və muzeylərin rəhbərləri öz fəaliyyətləri, uğurları və planları haqqında Komitə sədrinə ətraflı məlumat verib.
Komitə sədri “Şuşa İli”ndə mədəniyyət müəssisələrinin, hər bir mədəniyyət işçisinin də üzərinə mənəvi məsuliyyət düşdüyünü söyləyib.
Q.Paşayeva ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xalqımızın milli-mənəvi, tarixi, mədəni irsinin qorunması ilə bağlı gördüyü işlərin hər bir vətəndaş üçün örnək təşkil etdiyini vurğulayıb.
Tovuzun mədəni həyatının, özəlliklə ozan-aşıq sənətinin, başqa sözlə, epos təfəkkürünün, xalqımızın etnoqrafik yaddaşını yansıdan sənət sahələrinin zəngin ənənələrini xatırladan Q.Paşayeva həmin ənənələrə, eləcə də hərtərəfli dövlət qayğısına əsaslanaraq və qalib ölkənin vətəndaşları olaraq, yeni ideyalarla, layihələrlə çıxış etməkçün geniş imkanların olduğunu bildirib, görüş iştirakçılarına uğurlar arzulayıb.
Görüşdə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev iştirak edib.