Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva Qazaxıstan Respublikası Prezidentinin müşaviri Malik Otorbayevlə görüşüb.
AzerTimes xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə qardaş ölkələrimiz arasında mədəni əlaqələr öndə olmaqla, ümumən bütün əməli fəaliyyət sahələri üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Fikir mübadiləsi zamanı dövlət başçıları İlham Əliyev və Qasım-Jomart Tokayevin son illər intensiv görüşləri, rəsmi dövlət və işgüzar səfərlərinin, prezidentlərin şəxsi dostluq və qardaşlığının qardaş, dost ölkələrimizin bütün vətəndaşları üçün örnək təşkil etdiyi vurğulanıb.
Qənirə Paşayeva Mədəniyyət Komitəsinin mənəvi dəstəyi ilə gerçəkləşən silsilə tədbirlərdə iştirak etdiyi üçün M.Otorbayevə təşəkkür edib, qardaş ölkəyə, xalqına uğurlar diləyib. O, ortaq tarixdən gələn, oxşar problemlər yaşamış xalqlarımızın tarixin bütün dövrlərində bir-birinə dəstək nümayiş etdirməsini minnətdarlıq duyğuları ilə qeyd edib.
M.Otorbayevin ölkəmizə öncəki illərdəki səfərlərini xatırladan Q.Paşayeva onu yenidən ölkəmizə səfərlər edəcəyinə inandığını bildirib.
Komitə sədri Azərbaycan Respublikasında “Heydər Əliyev İli” çərçivəsində həyata keçirilmiş və həyata keçirilməsi planlaşdırılan işlərdən, layihələrdən söz açıb, ortaq layihələr icra etmək yönündə təkliflərini səsləndirib.
Qazaxıstan Prezidentinin müşaviri M.Otorbayev qonaqpərvərliyə, ətraflı fikir mübadiləsinə görə Q.Paşayevanın timsalında MM Mədəniyyət Komitəsinin üzv və əməkdaşlarına, bütün azərbaycanlı dostlarına təşəkkür edərək, respublikamıza səfərdən məmnunluğunu bildirib.
O, Qazaxıstanın Xəzər qonşusu, dostu, qardaşı olaraq xarakterizə etdiyi Azərbaycanla strateji müttəfiqlik ruhuna uyğun böyük layihələrdən, yaddaqalan işlərdən danışıb. Prezidentlərimizin dostluq-qardaşlıq bağlarının xalqlarımızın dostluq-qardaşlığı ilə bir-birini üzvi surətdə tamamladığını və hər birimizə qürur yaşatdığını döyləyib.
Q.Paşayeva hörmətli qonağa xatirə hədiyyələri bağışlayıb.