Paşayeva Səmərqənddə imza mərasimi keçirdi

Paşayeva Səmərqənddə imza mərasimi keçirdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın müəllifi, həmmüəllifi, layihə rəhbəri olduğu bir neçə yeni kitabın Özbəkistanda imza mərasimi keçirilib.

AzerTimes xəbər verir ki, imza mərasimi Səmərqənd şəhərində baş tutub.

Qədim mədəniyyət, ədəbiyyat, sənət və ürfan ocağı Səmərqənd şəhərində kitablarının təqdimat və imza mərasiminin keçirilməsini onunçün əlamətdar hadisə adlandıran Komitə sədri təqdim olunan kitabların məziyyətlərindən danışıb, onların bir yerdə, Azərbaycanın mədəni irsi, klassiklərimizin yaradıcılığı və ölkəmizin həqiqətləri haqqında etibarlı məlumatlarla səciyyələndiyini bildirib:

“Tədbirin “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, Azərbaycanın və Özbəkistanın dəyərli aydınları, ictimai fəallar və özəlliklə gənclərin iştirakı ilə keçirilməsi çox xoşdur.

Ümidvaram ki, bu gün sizlərə təqdim olunan kitablar siz qardaş Özbəkistanın qədirbilən oxucuları üçün maraqlı olacaq. Bu tədbir mənim üçün də unudulmaz olacaq, sizləri, bu günü həmişə xoş duyğularla xatırlayacaq və yenidən sizlərlə görüşməyi arzulayacağam”.

Sözünə davam edən Q.Paşayeva deyib:

“Mən minnətdarlıqla vurğulamaq istərdim ki, dost-qardaş özbək xalqı və dövləti bizim haqlı mövqeyimizi həmişə müdafiə edib. Azərbaycan xalqı 44 günlük müharibə vaxtı bunun bir daha şahidi oldu. Qoy, bugünkü təqdimat və imza mərasimi yeni əməkdaşlıqların qurulmasına səbəb olsun. Bu gün burda olduğunuz üçün, imza mərasiminə gəldiyiniz üçün hər birinizə könül dolusu təşəkkür edirəm. Çox sağ olun”!

Sonra Q.Paşayeva həmmüəllifi, müəllifi, layihə rəhbəri olduğu kitabları oxucular üçün imzalayıb, ürək sözlərini yazıb, onlarla xatirə şəkli çəkdirib.

Teqlər: