Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi kapitan Fəzail Əliyevin həyat yoldaşı Əsmər xanım Əliyeva ilə görüşüb.
AzerTimes xəbər verir ki, Əsmər Əliyeva şəhid kapitanın döyüş yolundan, hərbi xidmətlərindən danışıb, xatirələrini bölüşüb.
Onun ürək sözlərini, qayğılarını dinləyən millət vəkili şəhid hərbçimizin əziz ruhuna dərin sayğılarını bildirib, ali dövlət rəhbərliyinin, şəxsən Prezidentin şəhid ailələrinə, yaralı qazilərə yüksək diqqət və qayğısının respublikamızın hər bir səlahiyyətli şəxsi, o cümlədən millət vəkilləri üçün mühüm örnək olduğunu vurğulayıb, şəhid ailələri ilə hər görüşün onunçün çox əziz görüş olduğunu bildirib.
Q.Paşayeva şəhid kapitanın xanımına Xarıbülbül motivli xatirə hədiyyəsi bağışlayıb.
Qeyd edək ki, Fəzail Cahan oğlu Əliyev (05.11.1990, Bəhmətli kəndi, Zaqatala – 30.09.2020, Füzuli) 1996-2004-cü illərdə Ə.Cavadov adına Bəhmətli kənd tam orta məktəbində, 2004-2007-ci illərdə isə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2007-2011-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (indiki Milli Müdafiə Universitetinin tabeliyində olan H.Əliyev adına Hərbi İnstitut) ali hərbi təhsil alıb.
Fəzail Əliyev 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Ordusunun kapitanı olan Fəzail Əliyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Fəzail Əliyev 26.06.2013-cü ildə “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı ilə, şəhidliyindən sonra “Vətən uğrunda” (15.12.2020), “Füzulinin azad olunmasına görə” (25.12.2020) və “İgidliyə görə” (24.06.2021) medalları ilə təltif edilib.
Ruhu şad olsun!