MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Qlobal Qadınlar Sammitində Kamerunun ailə, qadın və inkişaf məsələləri üzrə naziri Marie Therese Abena Ondoanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AzerTimes xəbər verir ki, kamerunlu nazirlə Qlobal Qadınlar Sammitində öncəki illərdə keçirdiyi görüşləri xatırladan Q.Paşayeva yenidən görüşdən məmnunluğunu ifadə edib.
Komitə sədri Kamerunlu nazirlə görüşdə Azərbaycan qadınlarının cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, müvafiq dövlət siyasəti haqqında danışıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi olub.
Q.Paşayeva Azərbaycanın 44 günlük müharibədəki Zəfərinin regionda yeni reallıqlar yaratdığını vurğulayıb. Azərbaycan həqiqətləri, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında 30 ilə yaxın müddətdə törətmiş olduğu vandalizm aktları ilə bağlı yeni faktların üzə çıxdığını bildirib. Bir hissəsi qadınlara, uşaqlara aid olan skletlərin tapıldığı toplu məzarlıqların aşkar edildiyini bildirən Komitə sədri Qarabağda azadlıqdan abadlığa, erməni işğalçılığından azərbaycanlı quruculuğuna, bir sözlə, vandallıqdan mədəniyyətə keçid dönəmində görülən işlərdən söz açıb.
Komitə sədri Ermənistanın 30 ilə yaxın işğal altda saxladığı Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara xas tarixi-mədəni, dini abidələri, qəbristanlıqları məhv etməsini özündə əks etdirən “Azərbaycan həqiqətləri” sənədli filmlər toplusunu, digər materialları xanım nazirə təqdim edib.
Q.Paşayeva Marie Therese Abena Ondoaya Azərbaycan mədəniyyətini özündə əks etdirən xatirə hədiyyəsi bağışlayıb.