Paşayeva bu məqsədlə orta məktəbə getdi

Paşayeva bu məqsədlə orta məktəbə getdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki İlqar Məmmədov adına 298 saylı tam orta məktəbdə Komitənin təşəbbüsü ilə keçirilən “Həqiqət əhli daim yüksəklikdə aşiyan eylər” adlı ədəbi-bədii tədbirə qatılıb.

AzerTimes xəbər verir ki, tədbir şair, yazıçı, jurnalist, ədəbiyyatşünas və tərcüməçi Əliabbas Müznibin (Əliabbas (Əlabbas) Mütəllib oğlu Mütəllibzadə; 1883, Bakı – 28.09.1938, Bakı) 140 illik yubileyinə həsr olunub.

Tədbirdən öncə məktəbə adı verilmiş şəhid İlqar Məmmədovun təhsil ocağının həyətində ucaldılmış xatirə abidəsi ziyarət olunub, abidə önünə tər güllər düzülüb.

Sonra qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirib.

Tədbir Ümummilli lider Heydər Əliyevin, bütün dövrlərdəki şəhidlərimizin, qardaş Türkiyədə bu ay içində baş vermiş dəhşətli zəlzələlərdə həlak olan qardaş-bacılarımızın ruhunun bir dəqiqəlik sükutla yad edilməsi, ardınca Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Qənirə Paşayeva 2023-cü ilin Heydər Əliyev İli olması, Əliabbas Müznibin həyat və yaradıcılığından danışıb.

Tədbirin sonunda MM Mədəniyyət Komitəsi və “UNİTY Company” adından məktəbin təhsildə fərqlənən şagirdlərinə kitablar hədiyyə edilib. Həmçinin, “UNİTY Company”in 298 saylı məktəbin bir şagirdinin təhsil xərclərini qarşılayacağı açıqlanıb.

Teqlər: