Paşayeva Almatıda konfransda çıxış etdi

Paşayeva Almatıda konfransda çıxış etdi

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva Əhməd Yəsəvi adına Qazax-Türk Beynəlxalq Universitetinin Almatı şəhərində yerləşən Avrasiya Araşdırmalar İnstitutunda “Heydər Əliyevin anadan olmasının 100-cü ildönümündə Türk dünyası” mövzusunda konfransda məruzə ilə çıxış edib.

AzerTimes xəbər verir ki, Müdir Suat Beylur başda olmaqla, İnstitut rəhbərliyinin, elmi əməkdaşların, ictimai fəalların iştirakı ilə keçirilən konfransda Qənirə Paşayeva 2023-cü ilin Türk dünyası üçün əlamətdar il olduğunu qeyd edib.

“2023-cü təqvim ili Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və qardaş Türkiyə Cumhuriyyətinin əlamətdar 100 illiyi, Türk-müsəlman aləminin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin 105 illiyi, habelə Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı olması ilə əlamətdardır.

Ortaq türk qurumlarının qurucu üzvü olan türk birliyi yolunda özünəməxsus töhfələri ilə seçilən çağdaş Azərbaycan davamlı yüksəliş yolundadır və bu, Heydər Əliyevin həyat amalının parlaq təcəssümüdür. Böyük siyasi iradəyə malik olan Heydər Əliyevin dövlət idarəçilik istedadı və beynəlxalq aləmdə baş verən hadisələri dəqiq analiz etməsi onun gələcəkdə xalqımızı gözləyən problemləri və onlardan çıxış yollarını müəyyənləşdirməsini təmin etdi”, – millət vəkili bildirib.

Q.Paşayeva institut rəhbərliyinə və kitabxanasına Azərbaycan mədəniyyətini əks etdirən nəşrlər, xatirə hədiyyələri bağışlayıb, konfransın bütün iştirakçılarına isə xarıbülbül xatirə nişanı təqdim edib.

Teqlər: