PAŞA Kapital İnvestisiya Şirkəti dünyanın tanınmış
maliyyə jurnalı olan “International Finance” tərəfindən iki fərqli
nominasiya üzrə təltif edilmişdir.
2012-ci ildə yaradılan və artıq neçə illərdir ki, Azərbaycanın
investisiya bazarında öz lider mövqeyini qoruyan PAŞA Kapital şirkəti
2021-ci il fəaliyyətinə əsasən “International Finance” maliyyə
dərgisi tərəfindən “Azərbaycanın Ən Yaxşı Broker Şirkəti” və
“Azərbaycanın Ən Sürətli İnkişaf Edən Broker Şirkəti”
nominasiyalarında təltif edilib.
“International Finance” jurnalı Böyük Britaniyanın International
Finance Publications Limited şirkəti tərəfindən çap edilən premium
biznes və maliyyə dərgisidir. Əsas yönümü inkişaf etməkdə olan
bazarlar və Avropa regionu olan dərgi bankçılıq və maliyyə, islam
maliyyələşməsi, portfel idarəçiliyi, hedc fondlar və pensiya
fondları, daşınmaz əmlak, fintech və bu kimi sahələrdə yazılar və
araşdırma materialları dərc edir. International Finance dərgisi və
vebsaytı (www.internationalfinance.com)
Avropa və Yaxın Şərq regionunda artan oxucu kütləsinə sahibdir.
Maliyyə dərgisi tərəfindən həyata keçirilən maliyyə
mükafatlandırmaları əsas fəaliyyəti üzrə dayanıqlı biznes
nəticələri nümayiş etdirən, eləcə də regional maliyyə icmalarının
bəhrələnə biləcəyi çevik biznes yanaşmaları ilə yaddaqalan maliyyə
təşkilatlarını tanıtmaq və mükafatlandırmaq məqsədini daşıyır.
Mükafatın təqdimetmə mərasimi Mart ayının 24-də, Birləşmiş Ərəb
Əmirliklərinin Dubay şəhərində baş tutmuşdur. Mərasimdə şirkəti
PAŞA Kapitalın direktoru Ceyhun Hacıyev və direktor müavini Ruslan
Xəlilov təmsil edib.
Ceyhun Hacıyev mükafatlandırma ilə bağlı açıqlamasında qeyd edib
ki, biz PAŞA Kapital komandası olaraq, Azərbaycan maliyyə bazarında
daim investisiya xidmətlərinin müştəri tələbinə uyğun
strukturlaşdırılmasına və müştərilərimizin maliyyə, eləcə də
yatırım məsələlərinin operativ şəkildə həll olunmasına çalışırıq.
Əldə olunan biznes uğurları müştəri və investor kütləsinin bizimlə
əməkdaşlığı yüksək qiymətləndirməsinin nəticəsidir ki, bu gün “IF
Awards” jurnalı tərəfindən bu mükafata layiq görülürük.
PAŞA Kapital şirkəti gələcək illərdə də xidmət səviyyəsinin ən
yüksək səviyyədə saxlanılmasını və yeni investisiya həllərinin
tətbiqini əsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.