PAŞA Banka yeni rəhbər təyin olundu

PAŞA Banka yeni rəhbər təyin olundu

Cavid Quliyev PAŞA Bank ASC-nin Baş İcraçı direktoru və İdarə Heyətinin sədri təyin edilib.

Bankdan AzerTimes-a bildirilib ki, Bankın Səhmdarlarının Ümumi Yığıncağının qərarına əsasən, Cavid Quliyev bu vəzifələrin icrasına iyunun 9-dan başlayıb.

Taleh Kazımov Mərkəzi Bankın sədri vəzifəsinə təyin edildiyindən, PAŞA Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılmışdı.

PAŞA Bankın İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən şəxs vəzifəsinə isə aprelin 12-də Bankın İdarə Heyətinin sədr müavini Cavid Quliyev təyin edilmişdi.

Qeyd edək ki, C.Quliyev PAŞA Bankda öz əmək fəaliyyətini 2015-ci ildə Bankın İdarə Heyəti sədrinin biznesin inkişafı üzrə müşaviri vəzifəsində başlayıb.

23 fevral 2016-cı ildə isə C.Quliyev PAŞA Bankın İdarə Heyəti sədrinin müavini vəzifəsinə, 5 mart 2018-ci ildə isə Bankın İdarə Heyəti sədrinin müavini və Baş Kommersiya inzibatçısı vəzifəsinə təyin edilib.

Teqlər: