Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” yerli bizneslərin dayanıqlı inkişafı üçün daha əlverişli şəraitləri təmin etmək məqsədi ilə yeni effektiv rəqəmsal həlləri təqdim etməyə davam edir.
Belə ki, yerli bazara “PAŞA Bank”ın dəstəyi ilə yaradılan yeni “GRO” biznesin inkişafı platforması təqdim olundu. “GRO” çərçivəsində KOS seqmenti, iri korporativ bizneslərin alış-veriş prosesinin sadələşdirilməsi, xərclərin optimallaşdırılması və sahibkarlar üçün tərəfdaşlıq şəbəkəsinin yaradılması üçün geniş imkanlar yaradılıb.
GRO platforması bizneslər arasında körpü rolunu oynayır. Platformaya qoşulan alıcılar daxili təchizat və xammal alışlarında rahatlıq, satıcı axtarışında vaxt səmərəliyi ilə istədikləri məhsul və ya xidmət üzrə uyğun təkliflər, xərclərə 21%-dək qanəat və ən əsası ədalətli və şəffaf satınalmalar təklif olunur. Platformaya qoşulan satıcılar isə iri şirkətlərlə əməkdaşlıq şansı, satış artımı və görkəmli biznes inkişafı imkanı qazanırlar.
“PAŞA Bank”ın Biznes innovasiyaları departamentinin direktoru Zaur Bağırovun sözlərinə görə, “GRO” rəqəmsal platformasının yaradılmasının əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən dürüst və etibarlı şirkətlərin bir biri ilə əməkdaşlıq edərək möhkəm və əlverişli biznes əlaqələri yaratmasıdır.
“Ölkənin real sektorunun əsas dəstəkləyici qüvvələrindən biri olan “PAŞA Bank” ölkə bazarında çoxsaylı texnoloji həllərin tətbiq edilməsi və bununla da yerli bizneslərin inkişafına yönələn aktiv fəaliyyəti davam etdirməyi planlaşdırır” deyə, Zaur Bağırov bildirib.
Qeyd edək ki, “GRO” platformasından istifadə tamamilə pulsuzdur və istənilən bankın müştəriləri qoşula bilər. Platformanın üstünlükləri ilə tanış olmaq və biznesinizə yeni üfüqlər açmaq üçün “ASAN İmza” ilə bu linkdən qeydiyyatdan keçməniz kifayətdir.