Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank” işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi layihəsinin həyata keçirilməsinə maliyyə dəstəyi verir.
Belə ki, Bank Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Marşal İrsi İnstitutu (MLI) arasında bağlanmış Anlaşma Memorandumu çərçivəsində Azərbaycana xüsusi təlim keçmiş minaaxtaran 30 itin gətirilməsinə öz töfhəsini verib.
Avqustun sonu xüsusi yetişdirilən və təlim keçən 10 minaaxtaran it artıq ölkəmizə çatdırılıb. İtlərdən birinə “PAŞA Bank” tərəfindən “Hünər” adı verilib. Layihənin növbəti mərhələsinə əsasən, 2021-ci ilin sonunda hazırda ABŞ-da təlimlərə cəlb olunan növbəti 6, 2022-ci ildə isə 8, 2023-cü ildə isə 6 minaaxtaran itin gətirilməsi gözlənilir.
Qeyd edək ki, 30 itdən 18-i MLI tərəfindən donorlar hesabına maliyyələşdirilir. Vəsaitlərin cəlb olunması Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və Azərbaycandakı Amerika Ticarət Palatası (AmCham) ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.