Xəbər - Fərid Zöhrabov -Trend:
Vaxtilə Ermənistan tərəfindən atəş açılan ərazilərdə vətəndaşlarımız partlamamış sursatlar və naməlum əşyalara qarşı xüsusilə diqqətli olmalıdırlar.
Bunu Trend-in sualını cavablandıran hərbi ekspert Ədalət Verdiyev deyib.
O qeyd edib ki, kaset tipli sursatların yaydığı bombacıqlar kifayət qədər böyük bir əraziyə səpələnir.
“Onların təhlükəsizlik müddəti məhdudlaşdırılmır. Həmin sursatlar illər sonra toxunduqda belə partlaya və insanların ölümünə, eləcə də sağlamlığını itirməsinə səbəb ola bilər. Vətəndaşlarımız belə əşyalar gördükdə yaxın getməməli, aidiyyəti qurumlara məlumat verməlidirlər. Əks halda, xoşagəlməz hallarla qarşılacağımız qaçılmazdır”, – deyə ekspert vurğulayıb.
Qeyd edək ki, dünən Yevlax rayonunda Vətən Müharibəsi dövründə ermənilərin atdığı kaset bomba qalığının partlaması faciəyə səbəb olub.
Hadisə rayonun Aran qəsəbəsində baş verib. Qəsəbə sakini, 1996-cı il təvəllüdlü İsmayıl Mikayılov qəsəbənin otlaq sahəsində qoyun otararkən ərazidəki şübhəli əşyaya toxunub. Nəticədə həmin əşya partlayıb və o aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.