Partiya sədri pul üçün min oyundan çıxıb – Professor

Partiya sədri pul üçün min oyundan çıxıb – Professor

Fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynli siyasi partiyaların cəmiyyətdə rolu, bundan sui-istifadə halları, o cümlədən Yüksəliş Partiyasının hazırda dələduzluğu görə həbsdə olan sədri Anar Əsədli ilə bağlı redaksiyamıza yazı təqdim edib.

AzerTimes sözügedən məqaləni təqdim edir:

Çoxpartiyalı siyasi sistem və mənəvi problemlər

Çoxpartiyalılıq müasir demokratik inkişafın məntiqindən doğan və ictimai inkişafın aparıcı təmayüllərindən biri kimi plyural cəmiyyətin təşkilinin mühüm formasıdır.

Azərbaycan müstəqilliyinə qovuşduqdan sonra təkpartiyalı sistemin inhisarından çıxaraq çoxpartiyalı demokratik cəmiyyət quruluşuna start verdi. Qısa müddətdə sağ, sol, mərkəzçi təmayüllü partiyalar formalaşmağa və cəmiyyətin siyasi təşkilində müəyyən rol oynamağa başladı. Amma uzun müddətdir ki, ciddi səylərə baxmayaraq, cəmiyyətin siyasi həyatında siyasi partiyaların optimal siyasi konfiqurasiyasını qurub başa çatdırmaq mümkün olmayıb. O səbəbdəndir ki, çoxpartiyalı siyasi sistemin inkişafı və təkmilləşməsinə qayğı, onların cəmiyyət həyatında, milli maraqların qorunmasında düzgün mövqe tutmalarına yardım Azərbaycan Respublikası Prezidentinin daima diqqət mərkəzində saxladığı əsas məsələlərdən biri olmuşdur.

Siyasi partiyalarla müntəzəm iş aparılması, onlarla sağlam əməkdaşlıq əlaqələrinin qurulması, cəmiyyətin ictimai-siyasi həyatında oynadıqları rola yeni impuls vermək, onları cəmiyyətin durmadan təkmilləşən siyasi strukturuna daha da uyğunlaşdırmaq həmişə ölkə rəhbərliyinin diqqət mərkəzində dayanan məsələlər içərisindədir. Qeyd edilməsi vacibdir ki, bu işin səmərəliyini təmin etmək, fundamental dövlətçilik və milli məsələlər ətrafında siyasi partiyaların sıx əməkdaşlığının yaradılmasına novatorcasına yanaşılması da əldə edilmiş ciddi nəticələr sırasındadır.

Onu da qeyd edək ki, siyasi plüralizm və çoxpartiyalı siyasi sistem ideyası Azərbaycanda demokratik cəmiyyət quruculuğunun əsas meyarı kimi öz əksini Azərbaycan Respublikasının Konstitusiyasında tapıb. Açıq etiraf etmək lazım gəlir ki, bir müddət partiyaların yaradılması, onların qeydə alınması və səmərəli fəaliyyətlərinin təmin edilməsi sahəsində qaydalar tam oturuşa bilmədi. “Siyasi partiyalar haqqında” Qanunun mövcudluğuna baxmayaraq, ölkədə siyasi partiyaların bu qanuna uyğun fəaliyyətlərində müəyyən qüsurlar var idi. Partiyalar üçün qoyulmuş üzvlük baryerinə əməl edilməməsi, partiyalarda sənədləşmənin aparılması qaydalarının normativ aktlara uyğun olmaması, onların aidiyyəti orqanlar qarşısında maliyyə və digər hesabatlarının verilməməsi bu işlərdə pərakəndəliyi və sistemsizliyi artırırdı.

Burada bir tərəfdən müvafiq orqanların səhlənkar münasibətinin rolu var idisə, digər tərəfdən fəaliyyətlərində etinasızlıq, süni imitasiyalarla hərəkət edən qüvvələr faktiki olaraq kağız üzərində işlə, yalnız seçki kampaniyaları zamanı bu və ya digər səbəblər müqabilində özlərini yada salmaqla kifayətlənmişlər. Bəzən də qeydə alınmış partiyası olmaq, sözün müstəqim mənasında, sərmayə sayılmış, müəyyən cəlbedici təkliflərin qarşılığında partiyalar cari siyasi bloklara qoşulmuş, perspektivli və maddi imkanlı təsiri bağışlayan şəxslər ətrafında təmərküzləşmiş və faktiki olaraq ictimai rəyi yanıltmaqla məşğul olmuşlar. Beləliklə, Nizamnamədə təmtəraqlı surətdə bəyan edilmiş siyasi hədəflər, geniş partiya quruculuğu və siyasi proseslərdə fəal iştirak etmək vəzifələri bir kənarda qalmış, siyasi partiya faktiki olaraq siyasi manipulyasiyalarla məşğul olmuşdur.

Belə hüquqi nizamsızlıq real partiyaların qeydiyyatı önündə süni əngəllər yaratmaqla bərabər, real fəaliyyəti olmayan partiyaların işinə də bir növ əlverişli şərait yaratmışdı. Bu məsələlərə çəki-düzən verilməsi, siyasətdə əxlaq və mənəviyyat məsələlərinin ön plana çıxarılması xüsusi bir aktuallıq kəsb etməkdədir. Çünki siyasətdə əxlaq və mənəviyyat məsələləri yerində olmayanda həm yeridilən siyasətin, həm də bu siyasəti yeridənlərin səmimiliyinə, onların milli ideallara sədaqətinə ciddi şübhələr yaranır. Əfsuslar olsun ki, çoxpartiyalılığın yaratdığı üstünlüklərdən, demokratik şəraitdən öz çirkin niyyətləri üçün istifadə etməyə çalışan yolunu azmışlar da tapılır.

Yüksəliş Partiyasının sədri Anar Əsədlinin dələduzluq maddəsi ilə ittiham edilərək həbs edilməsi siyasi partiya, onun lideri ilə bağlı məsələləri bir daha bütün aktuallığı ilə gün işığına çıxarmışdır. Belə ki, siyasi partiya lideri bəlli əxlaqi və mənəvi dəyərlərin daşıyıcısı, təbliğatçısı olmaqla bərabər, həm də öz davranış və hərəkətləri ilə xalqa, cəmiyyətə əsl nümunə, örnək olmalıdır. Acınacaqlısı odur ki, A.Əsədli qısamüddətli partiya rəhbərliyi dövründə min bir oyundan çıxmış, partiyanın proqram müddəaları həyata keçirmək əvəzinə qeyri-qanuni yollarla var-dövlət toplamaq üçün dələduzluq yoluna qədəm qoymuşdur.

4 nəfəri – keçmiş prezident Ə.Elçibəyin köməkçisi Oqtay Qasımovun, Zəngilan rayonunun Elçibəy dönəmindəki icra başçısı İlham Hüseynovun və başqalarının iş qurmaq adı altında iri məbləğdə pullarını alaraq mənimsəyən A.Əsədli zərrə qədər də vicdan əzabı çəkmədən həmin adamların pullarını geri qaytarmaqdan imtina etmişdir. Həmin adamların dəfələrlə pullarını geri tələb etmələrinə baxmayaraq, o hər dəfə yeni bəhanələrlə onları aldatmış və çarəsi kəsilmiş adamlar hüquq-mühafizə orqanlarına müraciət etmək məcburiyyətində qalmışlar. Ciddi araşdırmalardan sonra Anar Əsədliyə qarşı dələduzluq və külli miqdarda vəsaiti mənimsəmə maddələri ilə cinayət işi qaldırılıb və o həbs edilib.

Diqqət edin, cəmiyyətə nümunə olmalı, öz əxlaqı və mənəviyyatı ilə seçilməli olan şəxs hansı yolu seçir və necə rüsvayçı qəbahətlərə yol verir.

İndi bəzi adamlar, xaricdən hakimiyyətə opponentlik eləyənlər, onun bəzi partiyadaşları bu məsələdə siyasi çalarlar axtarmağa çalışır, ortada ciddi faktların olmasına baxmayaraq, Anar Əsədlinin siyasi motivlərə görə həbs edildiyini, onun hətta müxalifətçi baxışlara görə təqib edildiyini iddia edirlər. İş o yerə çatıb ki, Qənimət Zahid kimiləri guya Oqtay Qasımovun pullarının qaytarmaq istəndiyini, yalnız hakimiyyətin təzyiqindən sonra Oqtay Qasımovun geri çəkildiyini söyləyir, bu dələduzluq aktında “siyasi motivlər” axtarışını davam etdirir.

Niyə o fakta diqqət yetirmirsiniz ki, Anar Əsədli yalnız bir dəfə Oqtay Qasımova borcu müqabilində dəyəri aldığı puldan qat-qat aşağı, üstəlik də mənşəyi şübhəli olan kiçik torpaq parçası təklif etmiş, sonradan bundan da imtina etmişdir?

Gəlin ədalətli və obyektiv mövqe tutaraq siyasəti biznes və dələduzluq alətinə çevirməyə çalışan adamlara qarşı barışmaz və prinsipial mövqedə dayanaq. Yoxsa hərə bir partiya yaradıb ondan həris niyyətlərini və cılız ambisiyalarını həyata keçirmək vasitəsinə çevirəcək, qanunlar tələb edəndə isə onlara siyasi məhbus donu biçməyə başlayacaqlar. Belə olduğu təqdirdə ölkədə çoxpartiyalı siyasi sistemin, onun vacib göstəricisi olan siyasi plüralizmin, bunların başqa göstəricisi olan siyasi mədəniyyətin hansı zərbələr ala biləcəyi heç kimin vecinə olmur. Bu, həm də Azərbaycan cəmiyyətinin mühüm problemlərindən olan istiqlalçı, vətənpərvər siyasi elitanın formalaşdırılması vəzifələrinə də ciddi xələl gətirir. Söhbət elə elitadan gedir ki, onun hər bir üzvü əxlaqi gözəlliyi, mənəvi saflığı və fiziki kamilliyi bir küll halında özündə birləşdirən intellektual şəxsiyyətlərdən ibarət olsun. Bu həm də uğurlu demokratik cəmiyyət quruculuğunun başlıca vəzifələrindəndir. Yalnız bu halda ölkənin qarşısında duran taleyüklü vəzifələrin öhdəsindən uğurla gəlmək olar

Nə qədər qəribə də olsa, elələri də tapılır ki, onlar utanıb qızarmadan iddia edirlər ki, guya siyasətdə səmimiyyət, əxlaq, mənəviyyat məsələri imperativ kimi götürülə, siyasətin prinsipial təməlləri ola bilməz. Çünki siyasətdə son məqsədə çatmaq əsas məsələlərdəndir və bu yolda hər cür vasitələrdən istifadə oluna bilər. Ulu Öndərin, ölkə prezidenti İlham Əliyevin siyasətə əxlaq və mənəviyyat ölçüsü kimi yanaşmaları göz qabağındadır. Məhz onların nümunəsi, cəmiyyətin özünün tələbatı sayəsində ağıllı, vətənpərvər milli elita, işgüzar, çalışqan siyasi elita formalaşa bilib və onlar ölkəmizi müəyyən edilmiş hədəflərə doğru inamla aparmaqdadırlar.

Teqlər: