Partiya sədri Əli Əliyevə hökm oxundu, 5 ay həbs edildi

Partiya sədri Əli Əliyevə hökm oxundu, 5 ay həbs edildi

Bakı şəhəri, Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin barəsində olan cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AzerTimes xəbər verir ki, hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə Dövlət Sərhəd Xidmətinin polkovnik-leytenantı Emil Cəfərovun Əli Əliyev barəsində xüsusi ittiham qaydasında şikayəti ilə bağlı hökm oxunub.

Verilən hökmə əsasən, Əli Əliyev barədə 5 ay müddətə həbs cəzası verilib.

DSX kapitanı Ramin Ədilovun xüsusi ittiham qaydasında Əli Əliyev barəsində şikayətinə hakim Rauf Daşdəmirovun sədrliyi ilə bir müddət sonra baxılacaq.

2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus “Mi-17” tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov Vətəndaş və İnkişaf Partiyasının (V.İ.P) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.

Qeyd edək ki, iddiaçıların şikayətlərində bildirilib ki, partiya sədri Əli Əliyev məlum helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyünü deyib. Bu çıxışından sonra qəza nəticəsində sağ qalan hərbçilər Əli Əliyevi məhkəməyə verib. Şikayəçilərin şikayətləri ayrı icraatda araşdırılmaqdadır.