Parlamentdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib

Xəbər - Elçin Mehdiyev – Trend:

Milli Məclisin deputatları xarici ölkələrə səfərləri zamanı, o cümlədən beynəlxalq təşkilatların tədbirlərində, o cümlədən, pandemiya ilə əlaqədar olaraq videokonfrans formatında keçirilən görüşlərdə iştirak edərkən Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, o cümlədən Xocalı soyqrımı haqqında faktların geniş yayılması istiqamətində məqsədyönlü iş görürlər.

Bu məqsədlə Milli Məclisin xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının imkanlarından dolğun və səmərəli istifadə olunur.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AzerTimes-a verilən məlumata görə, Xocalı faciəsinin 29-cu ildönümü ərəfəsində xarici ölkələrin parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının rəhbərləri və üzvləri Xocalı soyqrımı haqqında həmkarlarına geniş məlumat verir, onları bu soyqrıma ədalətli münasibət bildirməyə çağırırlar. Son günlərdə bu məqsədlə İordaniya, İsrail, Meksika, Peru, Əfqanıstan, Estoniya, İndoneziya, Bosniya-Hersoqovina və digər ölkələrin parlamentlərarası dostluq qrupları ilə keçirilən onlayn görüşlərdə Xocalı soyqırımı ilə bağlı məsələ ön plana çəkilib. Məqsəd bu soyqırımı haqqında həqiqətlərin daha çox ölkələrin ictimaiyyətinə çatdırılması və milli parlamentlər tərəfindən faciəyə ədalətli hüquqi-siyasi münasibətin bildirilməsidir.

Teqlər: