Xəbər - Ceyhun Ələkbərov – Trend:
“Parkovşik” adlanan şəxslərin bizə yaxından-uzaqdan aidiyyəti yoxdur. Bu gün Bakı şəhərində kim 1 manatı elə belə yığa bilər? Onların arxasında müəyyən himayədarlar var.
AzerTimes-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
O bildirib ki, həmin park yerlərində vətəndaşın daşınan əmlakına ziyan vurulsa da, qarşılanmır.
“Bakı şəhərində tariflər tətbiq olmadan vəsaitlərin yığılmasından söz gedə bilməz.
BNA tərəfindən hər hansı parklanma yerində duran şəxsə vəsiqə verilməyib. Mənə də yaxınlaşıblar, məsələ araşdırılıb və sonu polisdə bitib”.
V.Kərimli qeyd edib ki, parklanma məsələsi qaldırılanda fərqli-fərqli kanallar, istiqamətlərdən qara piar aparılır.
“Məqsədimiz Bakı şəhərində yeraltı və yerüstü qarajlara investiyaların cəlb edilməsi idi. Gəliri və tarifi hesablamadan investisiyanı cəlb edə bilmirik”.
V.Kərimli qeyd edib ki, parklanma ilə bağlı ilkin pilot layihə 6-cı paralel küçəsində tətbiq ediləcək.
“Orada fərqli parklanma siyasəti tətbiq edəcəyik. Bundan sonra həmin layihə Bakı şəhərinin mərkəzini və ətraf ərazilərini əhatə edəcək və “parkovşik” məsələsi qalmayacaq. Bu, bizim dövrdə yaranmayıb, əvvəlki dövrlərdən bizə miras qalıb”.