Xəbər - Fərid Zöhrabov – Trend:
Azərbaycanda dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə bağlı qanunvericilik təkmilləşdirilir və bu sahədə olan cərimələr sərtləşdirilir.
Bu məsələ barədə Trend-in sualını cavablandıran nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, qaydaların sərtləşdirilməsi effektiv olacaq.
Onun sözlərinə görə, xüsusən də parklanma ilə bağlı İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik düzgün yanaşmadır.
“Kimsə dayanma-durma işarəsi qadağan olunan yerdə avtomobilini saxlayırsa, yalnız nişanın tələbini pozur və heç kimə mane olmur. Həmin adama da 20 manat cərimə yazılır, səkidə, piyada keçidində, yol ayrıcında avtomobil saxlayıb bütün yol iştirakçılarının hərəkətinə mane olan şəxs də eyni məbləğdə cərimələnir. Məcəlləyə ediləcək dəyişikliklər bu boşluğu da aradan qaldıracaq. Bütün bunları nəzərə alaraq cəzaların fərqləndirilməsi nəzərdə tutulur. Əsasən, səkilərdə avtomobillərini qanunsuz olaraq saxlayan və bununla da piyadaların hərəkətinə əngəl yaradan sürücülərin müəyyən olunub cərimələnməsi effektiv nəticə verəcək”, – deyə ekspert bildirib.
Qeyd edək ki, təklif edilən sözügedən dəyişikliklərə əsasən, ödənişli parklanma yerlərində nəqliyyat vasitəsinin parklanmasına görə müəyyən olunmuş ödəniş edilmədən və ya ödəniş edilmiş müddətdən artıq parklanma yerindən istifadə üçün əlavə ödəniş edilmədən sürücünün parklanma yerini tərk etməsinə görə on manat məbləğində cərimə ediləcək.
Təklif edilən digər dəyişikliyə görə, parklanma yerində müvafiq yol nişanları və nişanlama xəttləri ilə müəyyən edilmiş parklanma üsulunun sürücü tərəfindən pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində qanuna uyğun parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratdıqda on manat məbləğində cərimə ediləcək.
Hazırda Məcəlləyə əsasən, bu cərimə Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə tətbiq edilir.
O cümlədən əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə də artırılır. Layihəyə əsasən, əlilliyi olan şəxslərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə olan cərimə 10 manatdan 20 manata qaldırılacaq.
Hazırda Məcəlləyə görə, bu cərimə sadəcə parklanma qaydalarının pozulmasına görə tətbiq edilir.