Bu gün Nigerdən sonra Mərkəzi Afrikanın daha bir ölkəsi olan Qabonda hərbçilər hakimiyyət çevrilişi etdilər.
Mərkəzi televiziya vasitəsilə xalqa müraciətləri zamanı ordu yeni keçirilmiş prezident seçkilərinin nəticələrini tanımayacaqlarını və bütün ali hakimiyyət orqanlarının buraxıldığını elan etdilər. Ölkədə komendant saatı tətbiq edildi, bütün sərhədlər bağlanıldı. Fransanın RFİ radiostansiyasının yayımı dayandırıldı.
XIX əsrin 40-cı illərindən Fransanın müstəmləkəsi olan Qabon 1960-cı ildə müstəqilliyini qazansa da, hər zaman Fransanın təsir dairəsində olub. Hətta ölkənin rəsmi dili fransızcadır.
Afrikanın bir sıra ölkələrinin Fransanın təsir dairəsində olmasını nəzərə alaraq, son 1 ay ərzində ikinci fransayönümlü ölkədə hərbi çevrilişin olması təsadüf deyil. Əvvəlcə uran yataqları ilə zəngin olan Nigerdə çevriliş baş verdi. Bu ölkə Fransanın Afrikadakı ən böyük nüfuz dairələrindən biri idi. Çevriliş rəsmi Parisə dəyən ən böyük zərbə oldu.
Bu gün də Qabonda ordu hakimiyyətə əl qoydu. Zəngin neft və uran yataqlarına malik bu Afrika ölkəsi 1960-cı ildə müstəqil olduqdan bu günə kimi fransayönümlü Bonqo Ondimba sülaləsi tərəfindən idarə olunur.
Görünür, Fransa Afrikada daha bir “yağlı tikə”sindən məhrum edilir.
Fransanın Afrikada bu gün ən böyük rəqibi Rusiyadır. Neçə illərdir “Vaqner” vasitəsilə Mərkəzi Afrikada hakimiyyətləri ələ keçirən Rusiya sözün əsl mənasında Fransa üçün başqağrısına çevrilib. Əvvəlcə Mərkəzi Afrika Respublikası (MAR) Fransanın əlindən alındı. Fransa rusiyayönümlü hakimiyyətin təkidi ilə öz hərbi bazasını bu ölkədən çıxardı. 2022-ci ilin dekabrında sonuncu fransız əsgərləri MAR-ı tərk etdi.
Daha sonra növbə Nigerə çatdı. Bir çevrilişlə Fransa Afrikadakı daha bir dayağından məhrum oldu. Hətta çevrilişi edən hərbçilər bəyan etdilər ki, Qərb ölkələrinə uran satışı dayandırılacaq. Əlbəttə, bu qadağa Fransaya aid idi. Çünki rəsmi Paris istifadə etdiyi uranın 60 faizini Nigerdən alırdı.
İndi də Fransanın Qabondan atılması prosesi baş verib. Rəsmi və qeyri-rəsmi olaraq çevrilişin arxasında hansı qüvvənin durması məlum olmasa da, “Vaqner”in varlığı istisna olunmur.
Başqa sözlə desək, Rusiya Fransanın nüfuz dairələrini bir-bir əlindən alır və faktiki olaraq Afrikanı ələ keçirir. Fransa Rusiyanın bu zərbələrinin qarşısında dayana bilmir.
Afrikadakı nüfuz dairələrinin bir-bir əlindən çıxması Fransanı Rusiya ilə Cənubi Qafqaz və Ukraynada mübarizəni gücləndirməyə məcbur edir. Bu gün Xankəndidəki “humanitar böhran”, ermənilərin guya acından ölmələri Fransanın əslində Rusiyaya qarşı savaşının tərkib hissəsidir. Paris humanitar yardım TIR-larını da boşuna göndərmir. Fransa var gücü ilə Rusiyadan qisas almağa, uzaq Afrikanın “hesabını” Rusiyanın düz “burnunun ucunda”kı, KTMT və Aİİ üzvü olan, ərazisində böyük rus bazaları yerləşən Ermənistanı ələ keçirməklə almağa çalışır.
Bu gün Paris merinin də müşayiəti ilə sərhədimizə göndərilən Fransa “humanitar karvanı”nda məqsəd budur.
Fransa Cənubi Qafqaza girmək üçün ən son “güllələrini” əsirgəmir. Ancaq üslubu yanlışdır: Cənubi Qafqazın ən qüdrətli dövləti olan Azərbaycanın ərazi bütövlüyünə qəsdlə həyata keçirilən bu siyasətin perspektivi yoxdur.