Parisdən inanılmaz: Bakının gücünün etirafı, həm də bu cür?..

Parisdən inanılmaz: Bakının gücünün etirafı, həm də bu cür?..

Fransanın son günlər Azərbaycana qarşı açıqlaması təəccübləndirməyə bilmir.

Rusiyalı politoloq Pavel Klaçkovun Fransa DİN rəhbərinin Azərbaycana qarşı iddiasından heyrətə gəldiyini bildirməsi təsadüf deyil. Çünki Fransa daxili işlər naziri Yeni Kaledoniyadakı “qiyam”ın arxasında Azərbaycanın durduğunu bildirmişdi.

Növbəti eyniməzmunlu mövqeyi Fransa parlamentinin Fransa-Ermənistan parlament dostluq qrupunun rəhbəri Ann-Lorens Petel paylaşıb. O, sosial şəbəkədə hesabında yazıb: “Yeni Kaledoniyada sabitliyin pozulmasının arxasında Azərbaycanın yaratdığı Bakı Təşəbbüs Qrupunun dayandığı göz qabağındadır”.

Bunun ardınca isə bildirib ki, Fransa Bakının hədəfindədir, çünki Paris “Azərbaycan diktaturasının hücumuna məruz qalan erməni demokratiyasını dəstəkləyir”.

Çarəsiz, zavallı, miskin açıqlamadır. Avropanın siyasi lideri, dünyanın ən güclü ölkələrindən biri, nüvə dövləti Fransa, sən nə günlərə qaldın?! Qos-qoca dövlət ərazisində insan haqları ilə bağlı baş verən proseslərə görə Azərbaycanı ittiham etməkdən qətiyyən utanmır.

Fransanın mövcud lideri – yəni Bricit xanımın özündən 20 yaş gənc olan sütül əri, qos-qoca Yeliseyin rəhbəri Emmanuel Makron özünə, gücünə, demokratiyasına, ənənələrinə hörmət etsəydi, Yeni Kaledoniyanı min kilometrlərlə uzaqda olan bir Cənubi Qafqaz ölkəsinin “qarışdırdığını” iddia etməz, bunu Fransanın nüfuzuna, şərəfinə sığışdırmazdı.

Sən necə bir dünya gücüsən ki, kiçik Azərbaycan daxili işlərinə qarışa, Fransada “qiyam” qaldıra bilir?

Sən necə dünya gücüsən ki, vətəndaşlarının haqq, hüquq, ədalət naminə küçələrə çıxmasına qarşı polis zorakılığı törədib, ən azı 4 nəfərin ölümünə, onlarla şəxsin yaralanmasına səbəb olursan və bu toqquşmada çox-çox uzaqda yerləşən kiçik Azərbaycanı ittiham etməkdən çəkinmirsən?

Hansı sənin demokratiyan? Hanı insan azadlığın? Hanı insan haqların? Niyə Fransa kimi dünya nəhəngində “xoşbəxt yaşayan” kanaklar hansısa yad ölkənin dəstəyinə sığınmalıdır?

Rusiyanı çökdürməyi, Putini masaya oturtmağı, Ukraynada rus ordusunun burnunu ovmağı, hətta bu müharibədə iştirak üçün ordusunu göndərməyi “hədəfləyən” Makron və komandası hansı miskin duruma düşdüyünün fərqindədirmi? 86 min kv.km-lik, 10 milyonluq, “srağagün” müstəqil olan və “dünən” ərazisində separatizmin kökünü kəsib, sərhədlərini bərpa edən bir Cənubi Qafqaz ölkəsi 550 min kv.km-lik ərazisi olan nüvə gücü və Avropanın siyasi lider dövlətini hədəf taxtasına çıxara bilirsə, 17,3 milyon kv.km-lik dünya nəhəngi Rusiya sənə nələr etməz, Makron?

Qos-qoca Fransa o səviyyəyə düşüb ki, Azərbaycanın “hədəfində olduğunu” etiraf edir.

Bu, nə deməkdir? Doğrudan, səbəbini tapmaq istəyirəm: G20, hətta G7 ölkəsi, dünyanın ən böyük iqtisadiyyatlarından birinə sahib, demokratiya beşiyi Fransa dünənə qədər ərazisində olan münaqişədə arbitrlik, hakimlik etdiyi Azərbaycanın hədəfinə düşməsindən necə sızıldayıb, ah-vay edə bilər? Doğrudanmı Azərbaycan o qədər güclənib ki, Avropa nəhənginin daxilinə əlini uzadıb, oranı qarışdırır?

Əlbəttə ki, yox! Sadəcə, Azərbaycan ədalətlidir, beynəlxalq prinsiplərə riayət edir, lideri isə çox ağıllıdır, uzaqgörəndir və öz daxilinə uzanan əlləri kəsməyin yolunu həddən artıq mükəmməl bilir; çünki Prezident Makron gecə klubunda əlində pivə butulkası rəqs edəndə Prezident Əliyev gecə-gündüz yatmadan ölkəsini həm də bu “butulkalı gəncdən” xilas etməyin yollarını axtarırdı!

Makron Afrikada Fransanın mənəvi sərhədlərini itirəndə İlham Əliyev Aərbaycanın mənəvi sərhədlərini Orta Asiyadan Avropanın göbəyinə – Macarıstana qədər böyüdürdü;

Fransa Afrikada 50 ildir “müttəfiqlik içində olduğu” ölkənin dostluğunu 5 illik prezidentliyi dönəmində yerləbir edib, sonra o ölkəyə səfərində 5 metrliyindəki prezidentlə anlaşa bilməyəndə və medianın gözü önündə özündən həcmcə 5 dəfə böyük liderlə sözün həqiq mənasında qalmaqal yaşayanda Avropa ölkəsinin lideri Əliyevin təyyarəsini qarşılamaq üçün havaya qırıcılar qaldırıb, 500 kilometrdən sayğı və hörmətini büruzə verirdi, çünki 5 min kilometrdən gözəl-gözəl anlaşmağı bacarırlar.

Nəticə ortadadır!

Bəli, Klaçkov doğru deyir, Azərbaycanın gücünü bu səviyyədə etiraf edən, bu səviyyədə dilə gətirən olmamışdı! Azərbaycan o qədər qüdrətli ölkəyə çevrilib ki, artıq dünya gücü Fransa Bakının “hədəfinə çevrilməsindən” şikayətlənir.

Günlərin birində Yeni Kaledoniya probleminin həlli üçün ATƏT-in Minsk Qrupu yaradılsa və Azərbaycan həmsədr olsa, gərək Bricit xanımın əri təəccüblənməsin!

Niyə də yox? Nə vaxta qədər zaman tərs axmalı və makronların ədalətsiz yanaşması ilə dünyadakı münaqişə ocaqları daha da körüklənməlidir?

Teqlər: