Paris Nəqliyyatının Muxtar İdarəsi (RATP) iki batareya
yanğınından sonra bütün “Bollore Bluebus 5SE” markalı elektrik
avtobuslarını müvəqqəti olaraq marşrutlardan çıxarır.
AzerTimes-ın
məlumatına görə, bu barədə “France Info” radiostansiyası
bildirib.
Sonuncu epizod ötən gün Parisin XIII dairəsində bu modelin
avtobuslarından birinin alovlanması zamanı baş verib. Sürücü
sürətlə sərnişinləri təxliyə edə bilib, hadisə nəticəsində xəsarət
alan olmayıb. İlk yanğın aprelin 4-də Fransa paytaxtının V
dairəsində Sen-Jermen bulvarında baş verib, həmin hadisədə də
xəsarət alan olmayıb.
“Bir neçə həftə ərzində eyni seriyalı avtobuslarda baş verən bu
iki yanğından sonra dərhal onları istismardan çıxarmaq qərarına
gəldik”, – deyə RATP-ın Avtobusların Texniki Baxış üzrə Direktoru
Nikolya Kratye bildirib.