Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində – Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 7 nəfər – Davud Rəhimov, Üzeyir Qurbanov, Məhəmməd Mirzəyev, Ceyhun Əliheydərov, Rafus Mustafayev, Vüqar Səfərov və Ruslan Məmmədov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları xarici ölkə vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.
Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Nəsimi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.