Xəbər - Sədrəddin Ağcayev Trend:
COVID-19 pandemiyası ilə əlaqədar yaranmış problemlər UNESCO, UNICEF kimi beynəlxalq təşkilatların brigə səyləri ilə həll olunmalıdır.
Trend-in məlumatına görə, bunu Tacikistan prezidentinin sosial inkişaf məsələləri və ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Emomali Nasriddinzoda “COVID-19-dan sonrakı dünya” mövzusunda VIII Qlobal Bakı Forumunda panel müzakirələri zamanı deyib.
Onun sözlərinə görə, Tacikistanda bütün dünyada olduğu kimi pandemiya dövründə təhsil müəssisələri bağlanmışdı:
“Bütün dünyada 1,5 milyarddan çox uşaq təhsilsiz qalıb. Qeyd etmək lazımdır ki, Tacikistanda 1 700-dən çox uşaq tədris müəssisəsi, eləcə də minlərlə məktəb bağlanmışdı. BMT-nin məlumatlarına əsasən, pandemiya müəllimlərin də gəlirlərinə mənfi təsir edib. Tacikistanda yüz mindən çox müəllim dərs deyir, 2 milyondan çox şagird isə təhsil alır. Ölkəmizə pandemiyanın təsir etdiyi vətəndaşlara güzəştli kreditlər verilib. Tacikistanda prezidentin nəzarəti altında vaksinasiya davam etdirilir və ilk növbədə müəllimlər peyvənd edilib. Biz pandemiya ilə əlaqədar qlobal problemləri həll edə biləcək bütün tədbirləri görməyə hazırıq”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.
(Tərcümə: Orxan Nəbiyev)