Xəbər - İlhamə İsabalayeva – Trend:
Pandemiya başladıqdan sonra Azərbaycanda insanlar arasında təşviş və depressiv pozuntuların sayı artmağa başlayıb.
Bunu AzerTimes-a Azərbaycan Tibb Universitetinin psixiatriya kafedrasının professoru, tibb üzrə elmlər doktoru Zəfər Əliyev deyib.
Onun sözlərinə görə, səbəb kimi koronavirusa yoluxmanı, koronavirusdan sağaldıqdan sonra olan dövrü, məhdudiyyətləri, yaxın adamlarının ölməsini göstərmək olar.
Z.Əliyev qeyd edib ki, öncədən psixi pozuntulardan əziyyət çəkən şəxslərə pandemiya daha güclü təsir edir:
“Bu vəziyyətdən qurtulmaq üçün vaxt itirmədən mütləq mütəxəssisə müraciət etmək lazımdır. İnsanlar bunun üçün adi psixoloqa deyil, xüsusi təlim keçmiş klinik psixoloqa, yaxud psixiatra müraciət etməlidirlər. Bəzən bu vəziyyətlərə nevroloqlar da müdaxilə etməyə cəhd göstərirlər. Onlar müxtəlif televiziya kanallarında çıxış edir, insanları yalnış istiqamətə yönəldirlər. Bu, yolverilməzdir. Psixi problemləri olan şəxsləri nevroloq müalicə edə bilməz, çünki bu, onların sahəsi deyil”.
Z.Əliyev hesab edir ki, bu vəziyyətdən qurtulmaq yollarından biri teletəbabətin inkişaf etdirilərək tərəflərin internet vasitəsilə əlaqə yaratmasını təmin etməkdir.
Alimin fikrincə, bunun üçün “Teletəbabət haqqında” qanunu qəbul etmək çox vacibdir:
“Təbii ki, burada bütün amillər, həmçinin internet kanalların təhlükəsizliyi də nəzərə alınmalıdır. Teletəbabət xəstələrdən başqa, bölgələrdə fəaliyyət göstərən həkimlər üçün faydalı olar. Təbabətin bu forması həkimlərə aparıcı mütəxəssislər ilə əlaqə yaratmağa da imkan verəcək
“.