Xəbər - Ceyhun Ələkbərov – Trend:
Ötən gün ÜST-nin Azərbaycan Nümayəndəliyi “PROACT-Care – COVİD-19 pandemiyası zamanı artıq ölüm hallarının qarşısının alınması” layihəsinin milli və beynəlxalq tərəfdaşları ilə birinci onlayn koordinasiya görüşü keçirib.
Bu barədə AzerTimes-a TƏBİB-dən bildiriblər. Görüşdə ötən ilin avqust və dekabr aylarında baş tutmuş ehtiyacların qiymətləndirilməsi missiyalarının nəticələri tərəfdaşlarla paylaşılıb, Şamaxı və digər rayonlarda ilkin səhiyyə xidmətinin uzunmüddətli perspektivlərinə dair təqdimat keçirilib və atılacaq növbəti addımlar müzakirə edilib. Təqdimatlarda dayanıqlı ilkin səhiyyə modelinin yaradılmasının insanların həyatlarının xilas edilməsi və iqtisadi itkilərin qarşısının alınmasındakı əhəmiyyəti vurğulanıb.
Video görüşdə Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Soltan Məmmədov, TƏBİB-in İdarə Heyətinin sədri Dr. Ramin Bayramlı, ÜST-nin Azərbaycandakı Nümayəndəsi Dr. Hande Harmancı, TƏBİB-in Tibbi Xidmətlər Departamentinin rəhbəri Dr. Firəngiz Əliyeva, Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili Şöbəsinin müdiri Dr. Teymur Musayev mövzu ətrafında çıxış edib.
Tədbirdə həmçinin layihənin digər tərəfdaşları, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, UNICEF-in Azərbaycandakı Nümayəndəsi Edvard Karvardin, BMT-nin Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Dr. Fərid Babayev, Şamaxı Rayon Mərkəzi Xəstəxanasının direktoru Dr. Ehtiram Rüstəmzadə, layihənin donorları olan USAID, UK Aid, RoAid və digər təşkilat və tibbi qurumların təmsilçiləri iştirak edib.