Pandemiya uşaqların fiziki aktivlik və qidalanma vərdişlərinə təsir edib – Nazirlik

Martın 15-16-da Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar
Mərkəzində (İSİM) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə
Regional Ofisinin Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü (COSI)
tədqiqatı ilə bağlı təlim keçirilib. Təlim Azərbaycanda aparılacaq
bu tədqiqatla bağlı mütəxəssisləri hazırlamaq məqsədilə təşkil
olunub.

Trend xəbər
verir ki, giriş sözü ilə çıxış edən İSİM-in direktoru Qəhrəman
Haqverdiyev uşaqlar arasında artıq çəki və piylənmənin risk
amillərinin öyrənilməsinə dair aparılan COSI tədqiqatının ölkəmizdə
ilk dəfə keçirildiyini bildirib: “Mərkəzimiz tərəfindən son dövrlər
aparılan sorğular göstərir ki, COVID-19 pandemiyası əhalinin, o
cümlədən uşaqların fiziki aktivlik və qidalanma vərdişlərinə təsir
edib. COSI tədqiqatı bu təsirlərin səviyyəsini, uşaqlar arasında
artıq çəki və piylənmə dərəcəsinin öyrənilməsi ilə yanaşı, bu
istiqamətdə zəruri addımların, müvafiq tədbirlərin görülməsinə
imkan verəcək”.

Öz çıxışlarında ÜST-nin ictimai səhiyyə üzrə mütəxəssisi,
qeyri-infeksion xəstəliklər üzrə proqram rəhbəri Elturan İsmayılov,
ÜST-nin Avropa üzrə Regional Ofisinin nümayəndəsi Culiyan Vilyams,
COSI-nin Qazaxıstan üzrə baş tədqiqatçısı Şınar Abdrəhmanova və
COSI-nin Azərbaycan üzrə baş tədqiqatçısı Nabil Seyidov tədqiqatın
tarixi, məzmunu və məqsədi barədə ətraflı məlumat veriblər.
Uşaqlarda Piylənməyə Nəzarət Təşəbbüsü 2005-ci ildə yaranıb və bu
sistemin məqsədi məktəbyaşlı uşaqlar arasında artıq çəki və az çəki
ilə bağlı tendensiyaları araşdırmaqdır. Bu tədqiqat ilk dəfə
2007-2008-ci ildə 12 ölkənin iştirakı ilə keçirilib və 268 min
uşağın çəkisi ölçülüb. Tədqiqatın 2019-cu ildə keçirilən V
raundunda isə 400 mindən çox uşağın çəkisi ölçülüb.

Azərbaycan COSI sisteminə 2020-ci ildə qoşulsa da, tədqiqatın
aparılması COVID-19 pandemiyası səbəbindən baş tutmayıb.

Hazırda tədqiqatın 2021-2023-cü illərdə keçirilməsi nəzərdə
tutulan VI raundu təşkil olunur və Azərbaycan da daxil olmaqla 40-a
yaxın ölkə bu tədqiqatda iştirak edir. Hər iştirakçı öz ölkəsi üzrə
6-9 yaşlı uşaqlar arasında sorğu məlumatlarını toplamalıdır.

Qeyd edək ki, COSI tədqiqatı Azərbaycanda ilk dəfə Səhiyyə
Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Təhsil Nazirliyi
ilə əməkdaşlıq çərçivəsində və ÜST-nin metodologiyaları, beynəlxalq
koordinasiyası və dəstəyi ilə cari ilin aprel-may aylarında
keçiriləcək.

Teqlər: