Xəbər - İlhamə İsabalayeva – Trend:
Pandemiya gənclərin internetə olan asılılığını da artırdı. Pandemiya ilə əlaqədar tətbiq edilən karantin gənclərin televiziya və internet qarşısında daha çox vaxt keçirməsinə səbəb olub.
Lakin təəssüfedici hal odur ki, internet qarşısında da günlərini keçirən gənclərin əksəriyyəti bunu özlərinin inkişafına həsr etməyiblər.
Türkiyənin Üsküdar Üniversitetinin sosiologiya kafedrasının müdiri, sosiologiya elmləri doktoru, professor Əbülfəz Süleymanlının rəhbərliyi ilə aparılan sosioloji sorğu da onu göstərir ki, gənclərin çox az faizi internetdən təhsil məqsədilə istifadə edir.
Ə.Süleymanlı AzerTimes-a açıqlamasında qeyd edib ki, tədqiqat 2020-2021 tədris ilində Türkiyənin 146 fərqli dövlət və özəl universitetində 79 fərqli bölüm üzrə təhsil alan 18-26 yaşlı 1865 gənc arasında keçirilib.
İştirakçılara ünvanlanmış “İnternetdə gündə neçə saat sərf edirsiniz?” sualına cavab verənlərin yüzdə 31,1-i bu vaxtın “2-4 saat”, yüzdə 29,9-u 4-6 saat, yüzdə 21,2-si 6 saat və ya daha çox, yüzdə 15,7-si 1-2 saat olduğunu açıqlayıb. Bu vaxtın bir saatdan az olduğunu bildirənlərin nisbəti isə 2 faiz olub.
“İnternetdə ən çox vaxtınızı nəyə sərf edirsiniz” sualına cavab verən respondentlərin yüzdə 49,8-i sosial mediaya, yüzdə 24-ü televiziya seriallarına, yüzdə 12,1-i kitab və məqalələrə araşdırma məqsədi ilə istifadə etdiyini açıqlayıb. İştirakçıların yüzdə 8,1-i oyun oynadığını, yüzdə 6-ı internetdən daha çox təhsil məqsədləri üçün istifadə etdiyini (onlayn təhsil, layihə yazma, xarici dil öyrənmə və s.) qeyd edib.
“Gündə neçə saat kitab oxuyursan?” suala cavab olaraq isə iştirakçıların yüzdə 39,1-i 1-2 saat, yüzdə 36-ı 1 saatdan az, yüzdə 17,4-ü 2-4 saat, yüzdə 4,9 saatı 4-6 saat kitab oxuduqlarını bildirdilər. 6 saat və ya daha çox deyənlərin nisbəti yüzdə 2,5 idi.
“Gündə neçə saat televizora baxırsan?” sualına cavab olaraq iştirakçıların yüzdə 60,5-i televiziyanı bir saatdan az, yüzdə 23-ü 1-2 saat, yüzdə 12,2-si 2-4 saat, yüzdə 2,9-u 4-6 saat izlədiklərini bildirdilər. 6 saat və ya daha çox deyənlərin nisbəti yüzdə 1,3 idi.
Ə.Süleymanlı bildirib ki, iştirakçıların gündəlik oxu vaxtları ilə bağlı suala verilən cavablara görə şəxsin qaldığı yerdən asılı olaraq oxu vaxtında bir dəyişiklik olduğu müşahidə edildi. “1 saatdan az” seçimini qeyd edən ümumi iştirakçıların yüzdə 58,2-i ailəsi ilə, yüzdə 21,9-u yataqxanada, yüzdə 10,8-i evdə dostları ilə, yüzdə 7-i evdə tək volduğunu açıqlayıblar.