Xəbər - Humay Ağacanova – Trend:
Pandemiya enerji kəsintilərini yeni böhran kimi ortaya çıxardı.
Trend-in məlumatına görə, bunu VIII Qlobal Bakı Forumu çərçivəsində “Yeni dünya iqtisadiyyatı” mövzusuna panel müzakirələri zamanı İtaliya prezidentinin keçmiş diplomatik müşaviri Antonio Zanardi Landi deyib.
O bildirib ki, pandemiyadan sonra nikbin proqnozlar tərtib etmək çətindir: “Çünki bir sıra silsilə problemlər var, bunlar miqrasiya, iqlim dəyişikliyi və s. ilə bağlıdır. Pandemiya enerji kəsintilərini yeni böhran kimi ortaya çıxardı və bu da çoxsaylı fəsadlar törətdi”.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə carı ilin 4-6 noyabr tarixlərində “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu keçirilir.
Sayca 8-ci olan Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının rəsmiləri, eləcə də digər nüfuzlu qonaqların iştirak edirlər. Hibrid formatda təşkil edilən tədbirdə 300-ə yaxın qonağın canlı və onlayn iştirakı gözlənilir.