Pandemiya dövründə xroniki yorğunluq sindromu ciddi şəkildə artmağa başladı – SN

Səhiyyə Nazirliyinin mütəxəssisi Zakir Quliyev Nazirliyinin mütəxəssisi Zakir Quliyev xroniki yorğunluqla bağlı sualları cavablandırıb.

Trend həmin cavabları təqdim edir:

Xroniki yorğunluq sindromu nədir?

– Xroniki yorğunluq – kifayət qədər istirahətə baxmayaraq, iş səmərəliliyinin azalmasına, ictimai həyatdan uzaqlaşmağa və insanların özünü daim yorğun hiss etməsi kimi simptomlarla özünü göstərən psixoloji problemdir. Bəzi xəstələrdə yalnız yüngül yorğunluq və aşağı enerji şəklində görülə bilər, ancaq daha inkişaf etmiş səviyyələrdə insanın gündəlik fəaliyyətini belə edə bilmədiyi və bir növ qayğıya ehtiyacı olan ölçülərə çata bilər. Sindromu psixoloji problem kimi qələmə vermək olar, lakin psixoloji ölçüsünün yanında zehni və fiziki təsirləri var. Duyğusal tükənmə və xəstələrdə heç bir fəaliyyət göstərmək gücünə malik olmadıqlarını hiss etmək ürəkbulanma, əzələ ağrıları, konsentrasiyanın olmaması və unutqanlıq kimi problemləri ortaya çıxarır.

Xroniki yorğunluq sindromuna səbəb nədir?

– Xroniki yorğunluq sindromu çox yayılmış bir problem olsa da, dəqiq səbəbi hələ müəyyən edilməyib. Bu xəstəlik ümumiyyətlə 30-50 yaş arası fərdlərə təsir edir və qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Sindromlu şəxslərin əksəriyyətində əzələ və oynaq ağrısı, daimi yorğunluq və ən az 6 ay enerji çatışmazlığı var. Pandemiya dövründə hər kəs ölənlərin sayına diqqət yetirsə də, xəstələrin bir qismi hələ də virusun geridə qoyduğu problemlərlə məşğul olur. Bu sağlamlıq problemlərindən biri “xroniki yorğunluq”dur. Virusun ortaya çıxdığı gündən bu xəstəliyin adını tez-tez eşitməyə başladıq. COVID-19 pandemiyası dövründə xronik yorğunluq sindromu ciddi şəkildə artmağa başladı. Buna həm xəstəliyin bir başa həm də bilavasitə təsirləri (stress, gərginlik, qorxu) səbəb oldu. Bilinənin əksinə, xəstələr nə qədər istirahət etsələr də yorğunluq hissinin öhdəsindən gələ bilmirlər. Bu səbəbdən daimi yorğunluq hissi 6 aydan çox davam edən xəstələr mütləq dəstək üçün sağlamlıq müəssisələrinə müraciət etməlidirlər.

Xroniki yorğunluğun əlamətləri nələrdir?

– Xroniki yorğunluğun simptomları qısamüddətli stres və yorğunluqdan yaranan simptomlara bənzəyir, buna görə də onlarla qarışdırıla bilər. Yorğun hiss edən hər bir insanın xroniki yorğunluq sindromu yoxdur. Bu sindromun varlığını təyin etmək üçün xəstələr mütəxəssis həkimlər tərəfindən yoxlanılmalıdır. Xəstəliyin simptomlarının uzun müddət dayanmadan davam etməsi və yorğunluğun istirahətlə azalmaması və bu tükənmə hissinin xəstədə qarın ağrısı və ürək bulanması kimi fizioloji problemlərə səbəb olması da varlığın ehtimalını gücləndirir. Xroniki yorğunluq sindromunun ümumi simptomları bunlardır: daimi yorğunluq və yuxululuq, əzələ və oynaq ağrısı, boğaz ağrısı, mədə ağrısı, enerji itkisi, bulantı və qusma, zehni performansın unudulması və azalması, yuxu rejimində və keyfiyyətində pozuntular, immunitet sisteminin zəifləməsi, bağırsaq xəstəlikləri, işə və ictimai həyata mənfi münasibət, daimi narahatlıq, depressiya.


Xroniki yorğunluq sindromu necə təyin olunur?

– Yuxarıda göstərilən simptomlarla sağlamlıq müəssisələrinə müraciət edən xəstələrdə aparılan müayinə və diaqnostik testlər nəticəsində xroniki yorğunluq asanlıqla təyin edilə bilər. Xəstəliyin simptomları bir çox psixoloji xəstəliyə paralel olduğu üçün xəstənin anamnezi ətraflı şəkildə alınmalıdır. Eyni zamanda, insanda yorğunluğun və buna bənzər simptomların fərqli bir alt xəstəlikdən qaynaqlandığını tam olaraq anlamaq üçün müvafiq qan testləri və görüntüləmə üsulları araşdırılmalıdır. Xroniki yorğunluq sindromu diaqnozu qoyulan insanlarda müalicə prosesinin necə planlaşdırıldığı xəstəliyin şiddəti, gündəlik həyat və iş həyatına təsiri kimi faktorlar da nəzərə alınır. Bütün bunlara görə psixiatrlar, psixoloqlar və digər tibb bölmələrində mütəxəssislər tərəfindən qurulan çoxşaxəli qruplar, diaqnoz və müalicə üsulları təyin olunur.

Xroniki yorğunluq necə müalicə olunur?

– Xroniki yorğunluq sindromu üçün qəti bir müalicə yoxdur. Sindromla mübarizənin ən təsirli üsulları, müntəzəm olaraq idman etmək, xəstələrin streslə mübarizə və problemləri həll etmə qabiliyyətini artırmaq və sıx iş tempini yüngülləşdirmək kimi tədbirlərdir. Xəstəlik gündəlik həyata ciddi şəkildə təsir etmirsə və insan gündəlik fəaliyyətləri həyata keçirə bilirsə, dərmana ehtiyac qalmaya bilər. Bununla birlikdə, sindromu çox ciddi şəkildə yaşayan, işini itirmək riski olan və ya ictimai həyatından tamamilə uzaq olan və depressiya prosesində olan xəstələrdə antidepressant dərmanların istifadəsi tələb oluna bilər. Eyni zamanda, həkim tərəfindən zəruri hesab edildikdə, immunitet sistemini gücləndirmək, əzələ və oynaq ağrılarını azaltmaq və yuxu rejimini təmin etmək üçün dərman və psixoloji müalicələri tətbiq oluna bilər.

Xroniki yorğunluq sindromunun yaratdığı halsızlıq və yorğunluq üçün hansı vitaminlərdən istifadə etmək olar?

– C, D, E, B6, B12 vitaminləri, sink, maqnezium kimi minerallar zəiflik və yorğunluq üçün istifadə olunan vitamin və minerallardır.

Teqlər: