Pandemiya dövründə turistlər Azərbaycana əsasən hansı ölkələrdən gəlir?

Xəbər - Elçin Mehdiyev – Trend:

Pandemiya dövründə xaricdən Azərbaycana turistlər əsasən ərəb ölkələrindən, Türkiyədən və Rusiyadan gəlirdilər. Lakin avqustun 5-dən artıq ölkəmizə hava nəqliyyatı ilə gəlmək üçün 20-dən artıq ölkəyə icazə verilib. Son müşahidələrimiz həmin ölkələrdən də Azərbaycana turistlərin gəldiyini göstərir.

Bunu AzerTimes-a turizm üzrə ekspert Ceyhun Aşırov deyib.

Ekspert bildirib ki, ümumilikdə Azərbaycana hava nəqliyyatı ilə 30-a yaxın ölkədən insanların gəlməsinə icazə verilib, yəni Azərbaycan 30-a yaxın ölkə ilə hava sərhədlərini açıb: “Müəyyən pandemiya qaydaları daxilində həmin ölkələrdən Azərbaycana insanlar gələ bilərlər. Qeyd olunduğu kimi, gələnlər əsasən ərəb ölkələrin, Türkiyə və Rusiya vətəndaşlarıdır. İcazə verilən digər ölkələrdən də gələnlər var, lakin onların sayı çox azdır. Ümumilikdə, xaricdən Azərbaycana gəliş kütləvi xarakter daşımır. Gələnlər həm istirahət, həm də iş məqsədi ilə Azərbaycana üz tuturlar. Ancaq gələnlərin təqribən 80 faizi turizm məqsədi ilə gəlir. Artıq turizm mövsümü bitmək üzrə olduğu üçün xaricdən gəlişlərin də aşağı düşəcəyi ehtimal edilir”.

Qeyd edək ki, hazırda Azərbaycana hava nəqliyyatı vasitəsilə 29 ölkədən vətəndaşların gəlməsinə icazə verilir. Həmin ölkələrin siyahısı aşağıdakı kimidir:

-Türkiyə,

– Rusiya,

-ABŞ;

-Bahreyn;

-Birləşmiş Ərəb Əmirlikləri;

-Böyük Britaniya;

-İsrail;

-Macarıstan;

-Qətər;

– Almaniya Federativ Respublikası;

– Avstriya Respublikası;

– Belçika Krallığı;

– Çexiya Respublikası;

– Danimarka Krallığı;

– İrlandiya Respublikası;

– İspaniya Krallığı;

– İsveç Krallığı;

– İsveçrə Konfederasiyası;

– Kanada;

– Lüksemburq Böyük Hersoqluğu;

– Malta Respublikası;

– Niderland Krallığı;

– Polşa Respublikası;

– Portuqaliya Respublikası;

– Serbiya Respublikası;

– Sinqapur Respublikası;

– Sloveniya Respublikası;

– Slovakiya Respublikası;

– Yunanıstan Respublikası.

Twitter: @ElchinMehdiyev

Teqlər: