Nizami Gəncəvi Beynəlxalq Mərkəzi “pandemiya dövründə sülh və təhlükəsizlikdə qadın liderliyin rolu” mövzusunda beynəlxalq veb-konfrans keçirəcək.
Trend xəbər verir ki, Bosniya və Herseqovinanın sabiq baş naziri Zlatko Lagumdziyanın moderatorluğu ilə keçiriləcək paneldə Latviyanın sabiq prezidenti və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri xanım Vaira Vike-Freyberqa, Finlandiyanın sabiq prezidenti Tarja Halonen, BMT Cenevrə ofisinin rəhbəri Tatyana Valovaya, İsrailin sabiq xarici işlər naziri xanım Tzipi Livni, Gürcüstanın sabiq baş nazir müavini xanım Eka Tkeşelaşvili, Ukraynanın sabiq birinci xanımı Katerina Yuşenko, Maltanın sabiq prezidenti xanım Marie-Louise Coleiro Preca, Mavritaniyanın sabiq prezidenti Ameenah Gurib-Fakim, Amerika Xarici Əlaqələr İnstitutunun prezidenti xanım Susan Elliott və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov çıxış edəcəklər.
Qadınların sülh və təhlükəsizlikdə fəal iştirakını təmin etmək üçün BMT-nin Təhlükəsizlik Şurası 1325 saylı qətnamə qəbul etmişdir.
Araşdırmalar göstərir ki, bir çox sayda qadın bu gün ətraf mühitin fəsadlarından, yayılan xəstəliklər və qadınlara qarşı müxtəlif zorakılıqdan əziyyət çəkirlər.
Paneldə 1325 saylı qərarın qəbul edilməsindən iyirmi bir il, Pekin toplantısından iyirmi altı il sonra əldə olunan nəticələrin COVID-19 səbəbindən qlobal risklə üzləşməsi, o cümlədən Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsi nəticəsində qadınların sülh və təhlükəsizlik danışıqlarına nə qədər aktiv cəlb olunduğu, “2030 Davamlı İnkişaf Proqramı”nda qadınların rolu kimi məsələlər müzakirə ediləcək.