Xəbər - İlhamə İsabalayeva – Trend:
2019-cu ildə Azərbaycanda reallaşdırılan mühüm sosial paketlər COVİD-19 pandemiyasının hökm sürdüyü 2020-ci ildə əhaliyə ciddi sosial dəstək olub.
AzerTimes-ın məlumatına görə, bunu BMT-nin Sosial İnkişaf Komissiyasının 59-cü sessiyasında Nazirlər Forumunda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov deyib.
O, əhalinin rifahının yaxşılaşdırılmasının Azərbaycanda aparılan sosial-iqtisadi islahatların əsasını təşkil etdyinini, ölkədə sosial xərclərin mütəmadi artımının bunun əyani sübutu olduğunu deyib. Hətta qlobal böhranın davam etdiyi dövrdə əhalinin gəlirlərinin qorunmasına xüsusi diqqət yetirildiyini, sosial ödənişlərin artırılması tədbirlərinin davam etdirildiyini bildirib.
İcra olunan ünvanlı sosial yardım proqramının aztəminatlı ailələrin sosial müdafiəsinə dəstək olmaqla, yoxsulluğa qarşı mübarizədə də fəal bir vasitə olduğunu qeyd edib.
Nazir müavini COVİD pandemiyasının mənfi nəticələrini aradan qaldırmaq üçün hələ 2020-ci ilin aprelində ölkəmizdə qəbul olunmuş xüsusi proqramlar əsasında 4 istiqamətdə məşğulluğa və sosial rifaha dəstək məqsədilə həyata keçirilən, 5 milyon insanı və ya ölkə əhalisinin yarısını əhatə edən sosial dəstək tədbirlərini qeyd edib.
A.Kərimov iş yerlərinin qorunması sahəsində aparılan işləri, xüsusi karantin dövründə işə çıxmayan 900 min işçinin əməkhaqlarının ardıcıl ödənildiyini, pandemiyaya qarşı mübarizədə sosial həmrəylik prinsiplərinə riayət edilməsi üçün işəgötürənlərlə aparılan işləri qeyd edib.
O, özəl sektorda əmək müqavilələrinin sayında ötən il qeydə alınan ciddi artım, işsiz və xüsusi karantin rejiminə görə gəlirini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min şəxsin birdəfəlik ödəmələrlə təminatı proqramı barədə məlumat verib.
A.Kərimov Forumda sualları cavablandırarkən son günlərdə Azərbaycanın 2030-cu ilədək sosial-iqtisadi inkişaf üçün Milli Prioritetləri qəbul etdiyini bildirib.