Xəbər - Çingiz Səfərli – Trend:
Azərbaycanda pambıqçılığın dərin kökləri var. Vətəni Hindistan olan “ağ qızıl”ın Zaqafqaziyada becərilməsinə hələ e.ə. VII-IV əsrlərdə başlanılıb. Xüsusən, sovet dönəmində ölkədə pambıq istehsalı genişləndirilib. 1937-ci ildə Azərbaycanda buraxılmış poster də bunun əyani sübutudur. Burada qeyd olunur ki, Azərbaycan SSRİ-nin ikinci pambıq bazasıdır.
Ümummilli liderin Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə pambıq istehsalı rekord həddə çatıb
Ölkəmizdə pambıqçılığın kompleks inkişafı isə XX əsrin 70-ci illərinin əvvəllərinə təsadüf edir. Ümummilli lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə həyata keçirilən uğurlu aqrar siyasət nəticəsində bu sahədə böyük sənaye potensialı yaradılıb, torpaqlarda meliorativ tədbirlər həyata keçirilib, irriqasiya sistemləri qurulub və pambıqçılığın elmi bazası gücləndirilib. Təkcə 1981-ci ildə respublika üzrə pambıq istehsalı rekord həddə – 1 milyon 15 min tona çatdırılıb, xammal və emal sənayesi üzrə regional ixtisaslaşma həyata keçirilib və güclü maddi-texniki baza yaradılıb.
Pambıqçılığın inkişafına dair Dövlət Proqramı “ağ qızıl” statusunun özünə qaytarılması istiqamətində atılmış ən mühüm addımdır
Müstəqillik illərinin iqtisadi çətinlikləri digər sahələr kimi pambıqçılığa da təsirsiz ötüşməyib. Rəsmi statistikalara görə, 1990-2015-ci illərdə pambıq istehsalı azalsa da, 2015-ci il pambıqçılıq tarixində ən acınacaqlı il olub. Cəmi 18 min hektarda pambıq əkilib və cəmi 35 min ton pambıq tədarük edilib. 2015-ci ildən başlayaraq bu sahənin inkişafına yenidən xüsusi diqqət artırılıb. Pambıqçılığın inkişafı istiqamətində görülən əsaslı tədbirlər nəticəsində 2016-cı ildən etibarən pambıq əkini sahəsi əvvəlki illə müqayisədə 2,7 dəfə artaraq 51,4 min hektara, pambıq istehsalı isə 2,5 dəfə artaraq 89,4 min tona çatdırılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin 13 iyulunda imzaladığı “Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017–2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam isə strateji məhsul olan pambığın “ağ qızıl” statusunun özünə qaytarılması istiqamətində atılmış ən mühüm addım hesab oluna bilər. Bunun nəticəsidir ki, pambıq istehsalı ildən-ilə sürətlə artır.
Bu il pambığın hər tonunun alış qiyməti 50 manat artırılıb
Fermerlərin maddi rifah halının yaxşılaşdırılması da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Prezidentin tapşırıq və tövsiyələrinə əsasən, bu il pambıqçılığın dəstələnməsi istiqamətində daha bir addım atılıb. Belə ki, pambıq istehsalı və emalı ilə məşğul olan şirkətlər məhsul yığımı ərəfəsində pambığın alış qiymətinin artırılması barədə qərar qəbul ediblər.
Şirkətlər arasında əldə olunan razılaşmaya əsasən, pambığın növlər üzrə mövcud alış qiymətləri hər tona 50 manat olmaqla, 2021-ci ilin məhsulu üçün 1-ci növün qiyməti 650 manatdan 700 manata, 2-ci növün qiyməti 630 manatdan 680 manata, 3-cü növün qiyməti 590 manatdan 640 manata, 4-cü növün qiyməti 550 manatdan 600 manata qaldırılıb. Bu qərar fermerlərin məhsul istehsalına həvəsləndirilməsi üçün qəbul olunub. Pambığın hər tonunun alış qiymətinin 50 manat artırılması nəticəsində pambıq istehsalı ilə məşğul olan fermerlər xeyli əlavə qazanc əldə edəcəklər.
Qeyd edək ki, pambıqçılığın inkişafı dövlət tərəfindən dəstəklənir. Təhvil verilən pambığın hər tonuna görə fermerlərə 100 manat subsidiya ödənilir. Bundan başqa, fermerlər pambq əkdikləri sahənin hər hektarına görə 260 manat əkin subsidiyası alırlar. 2020-ci ildə Azərbaycanda 336 min tondan artıq pambıq istehsal olunub, pambıq üzrə orta məhsuldarlıq 33,6 sent/ha təşkil edib. Bu, son illər pambıqçılıqda qeydə alınan ən yüksək məhsuldarlıqdır.
Twitter:@cingizsafarli