Pakistanın səfiri Bakı Ali Neft Məktəbində olub (FOTO)

Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal
Haye Bakı Ali Neft Məktəbinin (BANM) kampusunda tələbələr üçün
Pakistan Azərbaycan münasibətləri haqqında təqdimat keçirib.

Təqdimatdan öncə səfir BANM – in rektoru Elmar Qasımovla
görüşüb. Görüşdə mövcud və gələcək əməkdaşlıq imkanlarından, Ali
Məktəbə daha çox pakistanlı tələbələrin cəlb olunması məsələsindən
bəhs edilib.

BANM-in rektoru Elmar Qasımov səfirin Ali Məktəbdə olmasından
məmnunluğunu ifadə edərək bildirib ki, bu təqdimatın Azərbaycan
universitetləri arasında ilk olaraq Bakı Ali Neft Məktəbində
keçirilməsi sevindirici haldır. Rektor Pakistan və Azərbaycanın
qardaş dövlətlər olduğunu vurğulayaraq xatırladıb ki, Azərbaycanın
müstəqilliyini ilk tanıyanlarından biri Pakistandır və bu ölkə daim
Azərbaycanın haqq səsində ən böyük dəstəkçilərdən olub. Rektor Bakı
Ali Neft Məktəbində pakistanlı tələbələrin təhsil aldıqlarını da
qeyd edib və bildirib ki, həmin tələbələrdən ikisinə Ali Məktəbin
təqaüdü verilir: “Biz pakistanlı tələbələrin Ali Məktəbimizdə
təhsil almasında maraqlıyıq. Burada təhsil alan pakistanlı
tələbələr yataqxana xərclərindən azaddırlar. Bununla yanaşı, iki
tələbəyə Ali Məktəbin təqaüdü təqdim edilir. Təqaüd alanların
sayının iki nəfər də artırılmasını təklif edirik”.

Səfir BANM-də tələbələr üçün yaradılan şəraitə görə təşəkkür
edərək bildirib ki, Səfirlik savadlı tələbələrin burada təhsil
alması üçün əlindən gələni əsirgəməyəcək.

Sonra tələbələrə Pakistan haqqında, onun iqtisadiyyatı, turizm
potensialı, mədəniyyəti barədə məlumat verən səfir ölkəsinin
Azərbaycanla münasibətlərindən bəhs edib və bildirib ki, iki ölkə
arasında çox geniş əlaqələr, qardaşlıq münasibətləri mövcuddur: “Bu
il Pakistanla Azərbaycan arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi tamam olur. Biz iki qardaş ölkəyik və
bir-birimizi daim dəstəkləyirik. Pakistan Azərbaycanın haqlı
mübarizəsində ilk gündən yanında olub, dəstəyini göstərib. İki
qardaş xalqın sevgisinin göstəricisidir ki, Azərbaycanda çoxlu
pakistanlı tələbələr təhsil alırlar. Bakı Ali Neft Məktəbi də
pakistanlı gənclərin seçdikləri Ali Məktəblərdəndir və buradakı
təhsil, yaradılan şərait bizi məmnun edir”.

Sonda səfir tələbələrin suallarını cavablandırıb.

Teqlər: