Pakistanda İçərişəhərlə bağlı sərgi təşkil olundu

Pakistanda İçərişəhərlə bağlı sərgi təşkil olundu

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadənin rəhbərlik etdiyi nümayəndə heyəti 23-27 fevral 2024-cü il tarixlərində Pakistan İslam Respublikasının Lahor Qala Şəhəri Administrasiyasının Baş direktoru Kamran Laşarinin dəvəti ilə Lahorda işgüzar səfərdə olub.

AzerTimes xəbər verir ki, səfər Azərbaycan-Pakistan Hökümətlərarası Birgə Komissiyasının 7-ci Sessiyasının qərarı, habelə Lahor Qala Şəhəri Administrasiyası ilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi arasında qarşılıqlı əməkdaşlıq münasibətlərinin qurulması məqsədilə imzalanan “Dostluq və Əməkdaşlıq haqqında Protokol” (24 noyabr 2021-ci il tarixli) əsasında həyata keçirilib.

Lahor şəhərinə səfər çərçivəsində Lahor Qala Şəhəri Administrasiyasının rəhbəri Kamran Laşari ilə görüş keçirilib, iki qurum arasında əlaqələr və mümkün birgə layihələrin icrası perspektivləri müzakirə olunub.

Səfər zamanı Lahor şəhərində onlarla abidənin, o cümlədən, ümumdünya irs mirası hesab olunan Lahor Fort kompleksinin restavrasiyasını həyata keçirən “Ağa Xan” Fondunun rəhbərliyi ilə görüş keçirilib, bərpa və restavrasiya layihələri ilə tanış olunub və ətraflı fikir mübadiləsi aparılıb.

Bundan əlavə, Lahor şəhərinin ən çox ziyarət olunan tarixi məkanı, UNESCO mirası “Lahor Fort” kompleksində “İçərişəhər” Ənənəvi İncəsənət Mərkəzinin “Dastan” brendinin məhsullarından və “İçərişəhərim” sərgisinin fotoşəkillərindən ibarət sərgi təşkil olunub. Açıq hava şəraitində, insanların çoxluq təşkil etdiyi məkanda keçirilən sərgi yerli və xarici qonaqların marağına səbəb olub.

Qeyd edək ki, səfərin təşkilində əsas məqsəd UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan iki qədimi şəhər mərkəzi arasında tarix və mədəniyyət abidələrinin konservasiyası və idarə olunması sahəsində təcrübə mübadiləsinin davam etdirilməsi, eləcə də Azərbaycan memarlığının incisi olan İçərişəhərin zəngin mədəni irsinin tanıdılması və Azərbaycan-Pakistan mədəni əlaqələrinin möhkəmləndirilməsinə töhfə verməkdir.

Teqlər: