Pakistan və İndoneziyada Nizami Gəncəvinin 880 illiyə ilə bağlı fotosərgi keçirilib (FOTO)

İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı (İƏT Gənclər Forumu ARM), Azərbaycanda fəaliyyət göstərən “Art Council” İncəsənət Mərkəzinin tərəfdaşlığı ilə İndoneziyanın Cakarta, Pakistanın Lahor şəhərinin mərkəzi küçə və meydanlarında böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı dekabr ayı ərzində səyyar fotosərgi keçirilib. Sərgidə Nizaminin “Yeddi gözəl” poemasının personajlarını əks etdirən şəkillər nümayiş olunub, sərgiyə baxmağa gələn şəhər sakinlərinin suallarına cavablar verilib. Bu tədbirlərin baş tutmasında İndoneziya İƏT Gənclər Forumu və Pakistan Gənclərinin Müdafiəsi Şəbəkəsi öz təşkilati dəstəklərini göstəriblər.

Bu il ərzində digər tədbirlərlə yanaşı, Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Cakarta və Lahor şəhərlərində həm yerli, həm də Azərbaycandan olan alim, müəllim və tələbələrin iştirakı ilə auditoriya və onlayn rejimində beynəlxalq konfranslar keçirilib.

Qeyd etmək lazımdır ki, İƏT Gənclər Forumu ARM-nin təşkilatçılığı və tərəfdaşlığı ilə dünyanın bir sıra başqa ölkələrində də (Rusiya, Qazaxıstan, Özbəkistan və s.) analoji tədbirlər baş tutub.


İƏT Gənclər Forumu ARM-nin bu tipli tədbirləri keçirməkdə əsas məqsədi millətlər arasında mədəni əlaqələrin qurulmasına, gənclərin bir-birilərinin mədəniyyətini daha yaxından tanımasına, eləcə də Nizam irsinin İslam coğrafiyasında təbliğinə töhfə verməkdir.

Teqlər: