Pakistan nümayəndə heyəti Azərbaycan gömrük orqanlarının fəaliyyəti ilə tanış olublar (FOTO)

Pakistan İslam Respublikası Federal Gəlirlər Şurasının Gömrük
əməliyyatları üzrə rəhbəri Syed Muhammad Tariq Hudanın rəhbərlik
etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Bakı Baş
Gömrük İdarəsində, Dövlət Gömrük Komitəsinin Akademiyasında və
Kinoloji Mərkəzdə olub.

Bakı Baş Gömrük İdarəsinin rəisi Pərviz Kəngərli nümayəndə
heyətinə qurumun fəaliyyəti barədə məlumat verib. Bildirilib ki,
xarici ticarət əməliyyatlarının xeyli hissəsinin həyata keçirildiyi
baş idarədə bütün əməliyyatlar informasiya texnologiyalarının
tətbiqi hesabına həyata keçirilir.

Sahibkarlar tərəfindən elektron qaydada təqdim edilən
bəyannamələr xüsusi proqram təminatının köməyi ilə qısa zaman
kəsiyində tam şəffaf qaydada emal edilir. Yüklərin eyniləşdirilməsi
və gömrük nəzarətinin digər zəruri mərhələləri ən müasir
texnologiyalardan istifadə olunmaqla həyata keçirilir. Diqqətə
çatdırılıb ki, gömrük sistemində son illərdə aparılan islahatlar
vətəndaş-məmur təmasının minimuma endirilməsinə, gömrük
əməliyyatlarının sadələşdirilməsinə, vaxt və vəsait itkisinin
qarşısının alınmasına şərait yaradıb.

Pakistanlı qonaqlarla daha sonra Dövlət Gömrük Komitəsinin
Akademiyasında görüş keçirilib.

Akademiyanın rəisi Qulu Novruzov qonaqlara Dövlət Gömrük
Komitəsinin Akademiyasının
yaranması, tədris prosesi və beynəlxalq əməkdaşlıq sahəsindəki
fəaliyyəti barədə ətraflı məlumat verib və iki ölkə arasında mövcud
olan əlaqələrdən bəhs edərək təhsil sahəsində əməkdaşlığın
vacibliyini xüsusi olaraq vurğulayıb.

Sonra Gömrük Akademiyasının fəaliyyəti ilə bağlı geniş təqdimat
nümayiş etdirilib.

Qonaqlar Dövlət Gömrük Komitəsinin Akademiyasının fəaliyyəti ilə
yaxından tanış olub,
imtahanların gedişatını izləyiblər. Qeyd olunub ki, Akademiyada
bakalavr və magistr hazırlığı ilə yanaşı, gömrük əməkdaşları üçün
xidmətə ilkin hazırlıq və ixtisasartırma təlimləri də təşkil
olunur, gömrük sahəsində elmi araşdırmaların, tədqiqatların
aparılmasına xüsusi önəm verilir.

Sonda Akademiyanın tələbələrdən ibarət özfəaliyyət dərnəyinin
xor və rəqs kollektivlərinin çıxışları qonaqlar tərəfindən xüsusi
maraqla izlənilib.

Səfər çərçivəsində qonaqlar Dövlət Gömrük Komitəsinin Kinoloji
Mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olublar. Bildirilib ki,
Mərkəzdə 100 baş xidməti itin saxlaması, onlara tibbi qulluq
göstərməsi və təlim verilməsi mümkündür. Həmçinin, burada cins
küçüklərin çoxaldılması, böyüdülməsi və saxlanılması üçün şərait
mövcuddur. Mərkəzin bazasında təcrübəli və yüksək ixtisaslı
mütəxəssislər tərəfindən kinoloqların və xidməti axtarış itlərinin
hazırlanması həyata keçirilir. Xidməti itlərə narkotik
vasitələrin,partlayıcı maddələrin, odlu silahların və döyüş
sürsatının axtarışı, bütün növ obyektlərin mühafizəsi və digər
istiqamətlər üzrə yetişdirilir. Qeyd olunub ki, Mərkəzdə müasir
avadanlıqlarla təchiz olunmuş baytarlıq klinikası fəaliyyət
göstərir və burada yetişdirilən itlər müxtəlif beynəlxalq
yarışlarda qələbə qazanıblar.

Xatırladaq ki, Pakistan nümayəndə heyətinin səfəri fevralın
13-də başa çatacaq.

Teqlər: