Azərbaycan və Pakistan dost və qardaş ölkələrdir. Bu dostluq dərin tarixi köklərə malikdir və xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır. Bu gün ölkələrimiz arasında müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və digər sahələrdə əməkdaşlıq uğurla inkişaf edir.
AzerTimes xəbər verir ki, bu fikirləri VI çağırış Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.
O, qeyd edib ki, Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında hələ 2002-ci ildə, Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub:
“Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib. Cari ilin iyul ayının 11-də cənab Prezident İlham Əliyevin Pakistan İslam Respublikasına etdiyi dövlət səfəri sözsüz ki, ölkələrimiz arasında münasibətlərin inkişafına növbəti önəmli töhfə olacaq. Azərbaycan və Pakistan liderlərinin keçirdikləri görüşlər zamanı energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrdə, o cümlədən uğurla əməkdaşlıq edilən müdafiə sənayesində bir sıra layihələr nəzərdən keçirilib. Beləliklə, ölkələrimiz arasında güclü tərəfdaşlıq nəinki siyasi səviyyədə, o cümlədən iqtisadiyyat, ticarət və sərmayələr sahələrində də qurulacaq”.
K.Qafarov bildirib ki, Pakistanın ölkəmizə qarşı səmimi dostluq münasibətlərini nümayiş etdirən vacib məqamlardan biri də Ermənistanla bağlıdır:
“İyulun 11-də İslamabadda mətbuata bəyanatla etdiyi çıxışında cənab Prezident İlham Əliyev belə bir mühüm faktı bir daha vurğuladı ki, Pakistan işğal dövründə Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirmək məqsədilə Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. İstər işğal dövründə, istərsə də Vətən müharibəsinin gedişində Pakistan Azərbaycanın mövqelərini hər zaman birmənalı şəkildə dəstəkləyib. 2020-ci il sentyabrın 27-də, cəbhədə vəziyyətin gərginləşdiyi ilk gün Pakistan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsində növbəti hərbi təxribatını pisləyən bəyanat yaymışdı. Dövlətimizin başçısı bir daha Pakistanın ölkəmizə istər işğal dövründə, istərsə də 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi dəstəyin yüksək qiymətləndirdiyini bildirdi. Cənab Prezident İlham Əliyev Azərbaycanın Pakistanı Cəmmu və Kəşmir məsələsində hər zaman dəstəklədiyini və bu dəstəyin bundan sonra da davam edəcəyini xüsusi vurğuladı. Qeyd olundu ki, Cəmmu və Kəşmir məsələsində bizim birmənalı dəstəyimiz qardaşlığımıza, eləcə də beynəlxalq hüquqa olan sadiqliyimizdir. Kəşmirlilərin hüquqları onilliklər boyu diqqətdən kənarda qalmış, kobud şəkildə pozulmuşdur. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məsələnin necə həll olunması aydın şəkildə təsvir edilsə də, əfsuslar olsun ki, bu qətnamələrin icra mexanizmləri mövcud deyil. Ancaq qardaş və dost ölkə kimi Azərbaycan Pakistanla, Cammu və Kəşmirdəki qardaşlarımızla hər zaman yan-yana olacaq, beynəlxalq hüququn və ədalətin tərəfində dayanacaq. Cənab Prezident İlham Əliyevin Pakistana səfərinin nəticələri bunu deməyə əsas verir ki, iki dost ölkə arasında münasibətlər bundan sonra da şaxələnməkdə və dərinləşməkdə davam edəcək”.