Xəbər verdiyimiz kimi, İranın Azərbaycandakı keçmiş səfiri, beynəlxalq məsələlər üzrə ekspert Möhsün Pakayinin “Qarabağ münaqişəsi; başlanğıcdan sonadək” (İranın vasitəçilik addımları) adlı kitabı çap edilib.
AzerTimes xəbər verir ki, “Fərhənge Səbz” nəşriyyatı tərəfindən nəşr olunan 196 səhifəlik kitabda Qarabağ məsələsi, Birinci və İkinci Qarabağ müharibələri ilə bağlı həqiqətlərin çoxu təhrif olunub.
Tehran rəsmilərinin bir sıra iddialarını yenidən təkrarlayan Pakayin İranın Azərbaycana yardımlarından, İran rəsmilərinin Qarabağ münaqişəsinin həlli üçün dəstəyindən bəhs edib.
Möhsün Pakayin Qarabağ məsələsinin həll olunmasında İran rəhbəri Əli Xameneinin bəyanatları və mövqeyinin əhəmiyyətli rol oynadığını iddia edib.
Tamamilə İranın siyasi-ideoloji maraqlarına uyğun şəkildə tərtib edilən kitabda bir neçə dövlətin, xüsusilə İsrailin Cənubi Qafqazda özünə yer etmək üçün Qarabağ münaqişəsindən istifadə etdiyi yazılıb.
Möhsün Pakayin bundan əvvəl İran rəsmilərinin Qarabağ erməniləri ilə bağlı narahatlıqlarını təkrarlayaraq, ermənilərin hüquqlarının və təhlükəsizliklərinin təmin olunmasının vacibliyini qeyd etmişdi.