Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi media nümayəndələrinin qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlığı üçün mediatur təşkil edib.
Nazirlikdən AzerTimes-a verilən məlumata görə, Xaçmaz və Quba rayonlarına təşkil edilən mediatur zamanı jurnalistlərə 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.
Qeyd olunub ki, artıq 23 mindən çox şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həlli işləri sürətlə aparılır. Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. Xaçmaz və Quba rayonlarında da bu işlər getdikcə geniş vüsət alır. Həmçinin şəhid ailəsi üzvləri və yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə həyata keçirilən “Məşğulluq marafonu” barədə də məlumat verilib.
Media nümayəndələri əvvəlcə şəhid Elməddin Alxasovun anası Əsli Alxasova (Xaçmaz) üçün yaradılmış təsərrüfatla tanış olublar. Ailə postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunub. Proqramın dəstəyi ilə mal-qara ilə təmin olunaraq, iribuynuzlu heyvandarlıq təsərrüfatını qurub.
Qazi Abdulla Musayevin anası Lalə Musayevaya isə xırdabuynuzlu heyvandarlıq zərfi üzrə aktivlər təqdim edilib. Quba rayonundan olan qazi Nicat Qubatovun atası Urfan Qubatov üçün isə avtomobil şinlərinin təmiri sahəsi üzrə kiçik biznes sahəsi yaradılıb.
Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirib, kiçik ailə təsərüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.
Quba və Xaçmaz rayonları üzrə son bir ildə həssas əhali qruplarına aid 610 nəfər özünüməşğulluq proqramının dəstəyi ilə aktivlərlə təmin olunaraq, kiçik ailə təsərüfatlarını yaradıb.