Özünü qazi kimi təqdim edərək polisə tabesizlik göstərən şəxs həbs edilib

Paytaxtın Səbail rayonunda yol polis əməkdaşlarına hərbi
mundirdə özünü Vətən müharibəsi iştirakçısı kimi təqdim etməklə
ictimai qaydanı pozan şəxs saxlanılaraq inzibati məsuliyyətə cəlb
edilib.

DİN-in Mətbuat Xidmətindən AzerTimes-a bildirilib ki, Səbail DYPŞ-nin əməkdaşları
tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün xanım sürücünün
idarə etdiyi avtomobilə “saxla” işarəsi verilib. Bu zaman yoldan
ötən hərbi geyimli şəxs polis əməkdaşlarına yaxınlaşaraq qadının
həyat yoldaşı oluğunu və özünün də qazi olmasını bildirərək, polis
əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətməklə ictimai qaydanı
pozaraq, polisin qanuni tələblərinə qəsdən tabesizlik göstərib.

İctimai qaydanı pozan şəxs – Xansu Quliyev əraziyə çağırılan
naryad qrupu tərəfindən ərazi polis bölməsinə təhvil verilib. Onun
barəsində bölmədə aparılan araşdırmalarla müəyyən olunub ki, o,
ümumiyyətlə, hərbi mükəlləfiyyətli deyil, heç vaxt ordu sıralarında
xidmət etməyib.

Həmin hərəkətlərdə polis işçisinin və ya hərbi qulluqçunun
qanuni tələbinə qəsdən tabe olmama maddəsinin tərkib əlamətləri
olduğuna görə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsi ilə
X.Quliyev barəsində toplanmış materiallar baxılması üçün rayon
məhkəməsinə göndərilib. O, məhkəmənin qərarı ilə 15 sutka
müddətində inzibati qaydada həbs edilib.

Teqlər: