Özünü ictimai birlik sədri kimi təqdim edərək dövlət mülkiyyətini zəbt edən şəxs həbs olunub

Özünü “Vətən müharibəsi əlillərinə kömək” ictimai birliyinin
sədri kimi təqdim edən, əvvəllər Cinayət Məcəlləsinin 178.3.2,
178.3.2, 310 və 320-ci maddələrilə məhkum olunmuş 1970-ci il
təvəllüdlü Məmmədov Qurban Məmməd oğlu bu il fevralın 1-də paytaxın
Nizami rayonunun Keşlə qəsəbəsində qanunsuz tikinti aparmaq
məqsədilə dövlət mülkiyyətində olan 10 sot torpaq sahəsini hasara
alaraq zəbt edib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AzerTimes-a verilən məlumata görə, bununla
əlaqədar fevralın 3-də polis əməkdaşları və aidiyyəti dövlət
qurumları tərəfindən qanunsuz tikilinin qarşısı alınıb və
Q.Məmmədova xəbərdarlıq edilib. Lakin, bu xəbərdarlıqdan nəticə
çıxarmayaraq fevralın 19-da Q.Məmmədovun təşkilatçılığı ilə
özlərini Vətən müharibəsinin iştirakçısı kimi təqdim edən bir qrup
şəxs qeyd olunan əraziyə gələrək qanunsuz tikinti işlərini davam
etdirməyə cəhd ediblər. Bu zaman polis əməkdaşları tərəfindən
tikintinin qarşısı alınarkən onlar dövlət nümayəndələrinə
hədə-qorxu gələrək ünvanlarına nalayiq ifadələr işlətməklə onları
təhqir edib və tabesizlik göstəriblər.

Araşdırma zamanı Q.Məmmədov qanunsuz zəbt etdiyi torpaq sahəsinə
dair heç bir rəsmi sənəd təqdim edə bilməyib və qanunsuz tikintini
davam etdirməkdə israr edib.


Q.Məmmədov saxlanılıb və barəsində İXM-nin 535-ci maddəsi ilə
tərtib olunmuş inzibati xəta haqqında protokola fevralın 22-də
Nizami rayon məhkəməsində baxılaraq o, 30 gün müddətinə inzibati
qaydada həbs edilib.

Teqlər: