Özünə “umac ova bilməyən” Simonyan başqasına “əriştə kəsir”

Xəbər - Elçin Mehdiyev – Trend:

Prezident İlham Əliyev Türkiyənin “Anadolu” agentliyinə müsahibə verərkən Ermənistanın bir dövlət kimi imicini o qədər dəqiqliklə cızdı ki, düşünürəm, bu söz məhz Ermənistan üçün xarakterikdir: “failed state”. Yəni uğursuz dövlət. Uğursuz bir dövlətə aid olan əsas anlayışlar dövlətin təhlükəsizlik, infrastruktur və xidmətlər kimi müsbət siyasi dəyərləri vətəndaşlarına təqdim edə bilməməsidirsə, bir tərəfdən də ölkə başçımızın da qeyd etdiyi kimi, hər bir dövlətin dövlətçilik rəmzlərindən biri hesab olunan məsuliyyətli davranışıdır ki, biz bunu Ermənistanda görmürük.

Bunu AzerTimes-a politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, müharibədən öncə Ermənistan dövlətinin uçuruma getdiyini, müharibə zamanı isə cəbhədə olan real vəziyyəti xalqdan gizlədən, hətta bu qədər biabırçı məğlubiyyətdən sonra erməni ictimaiyyətinin gələcəyini düşünmək, onun rifahı üçün çalışmaq əvəzinə, erməni rəsmi şəxslərinin səsləndirdikləri fikirlər daxili auditoriyanı öz məqsədləri üçün manipulyasiya etməkdən ibarət olduğunu bir daha təsdiq edir: “Dövlət başçımızın da bildirdiyi kimi, “ağa qara, qaraya ağ demək” onların xislətidir. Belə ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın RBK televiziya kanalına müsahibəsində “Səhifəni çevirib bölgədə sülh qura bilmək çox vacibdir” deyərək guya regionda sülh qurmağa çalışdıqlarını, səhifəni çevirməyə hazır olduqlarını bildirib. Simonyanın adı Azərbaycan ictimaiyyətində düzgün siyasətçi obrazından başqa qalan hər şeylə səsləşir. Ermənistan parlamentində butulka savaşına, əlbəyaxa davalara müdaxilə etmək əvəzinə ağzına su alıb oturan, müxalifət yönümlü bloqer Artur Danielyanın burnunu qırması ilə məlum olan Simonyanın səsləndirdiyi fikirlər ilə Ermənistanın davranışları arasında tərs mütənasiblik hökm sürür.

Əvvəla, Simonyan unutmasın ki, qalib tərəf olaraq Ermənistana sülh təklifini Azərbaycan dövləti verib. Ermənistan tərəfindən sülh çağırışlarına nəinki müsbət cavab verilməyib, hətta buna tamamilə zidd davranışlar sərgilənib.

Simonyan bilməlidir ki, 10 noyabr 2020-ci tarixli bəyanatla üzərinə götürdüyü öhdəliklərə sadiq olan, illərlə reallaşdırdığı layihələrdə bütün dünya birliyi tərəfindən etibarlı tərəfdaş kimi tanınan, Ermənistandan fərqli olaraq heç kimdən yardım almayan Azərbaycan yol tikintisi, dəmir yollarının çəkilməsini öz resursları hesabına reallaşdırır. Ermənistan isə heç nə etmir.

Əsas məsələlərdən biri də sərhədlərin delimitasiyasıdır ki, hətta Avropa İttifaqı da bildirdi ki, bu məsələlərdə vasitəçilik edə bilər. Xatırladım ki, ölkə başçımız daha öncə bildirmişdi ki, UNESCO-nun missiyasının regiona gəlişini də Ermənistan gecikdirir. Hələ də revanşist fikirlər səsləndirib, ərazi iddiası ilə çıxış edən Ermənistan yenə də pozuculuqla məşğuldur.

Cənab Prezident İlham Əliyev dəfələrlə ifadə edir ki, Qarabağda yaşayan erməniləri biz Azərbaycan vətəndaşları hesab edirik və onların reinteqrasiyasında maraqlıyıq. Bunun əksinə olaraq Ermənistanda illərlə davam etdirilən azərbaycanafob siyasət hələ də hökm sürür, xalqımıza qarşı nifrət təlqin edilir. Simonyanın bu fikirləri, sülhdən danışmaq hara, bu reallıq hara? Erməni rəsmi şəxslərinin belə manipulyativ fikirləri sülhə xidmət etmir, sadəcə cəmiyyəti çaşdırmağa, öz məqsədləri üçün istifadə etməyə hesablanıb. Ermənistan hadisələrin gedişini gələcəyə aparmaqdan daha çox keçmişə aparır.

Simonyan İkinci Qarabağ müharibəsində həlak olan ermənilərin halına yanmaqla bərabər azərbaycanlıların da halına yansa idi, həm 30 il ərzində status-kvonun qorunub saxlanılmasına, Qarabağın müstəqil tərəf kimi danışıqlar masasına gətirilməsinə var gücləri ilə çalışmaz, həm də 44 gün ərzində cənab Prezident İlham Əliyev vaxt, cədvəl verin müharibəni dayandıraq deyən zaman ağıllarını başlarına cəm edərdilər. Ölkə başçımızın Vətən müharibəsi ərzində xalqa müraciətlərindən birində dediyi kimi, “başınıza dəysin sizin torpaqlarımıza verdiyiniz adlar”. İndi də Simonyanın heyfislənməyi onun başına dəysin. Necə deyərlər, arxadan atılan daş topuğa dəyər. Simonyan və revanşist qüvvələr bu daşı daha da uzağa atmadan Ermənistan rəhbərliyi noyabrın 10-da imzalanmış Bəyanatın bütün müddəalarını yerinə yetirmək və özünü məsuliyyətlə aparmaq şansından istifadə etsinlər”.

Teqlər: